DTA-04 formasının təsdiq edilməsi

2023.10.02 14:21 (UTC+04:00)

Bu xidmət «Qeyri-rezident tərəfindən Azərbaycan Respublikasında ödənilmiş vergilərin təsdiq edilməsi haqqında Ərizənin» (DTA-04 forması) təsdiq edilməsini əhatə edir. DTA-04 ərizə forması Azərbaycan Respublikası və xarici dövlət arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilənin müddəalarına əsasən həmin xarici dövlətin rezidentinin Azərbaycan Respublikasında əldə edilən gəlirinə münasibətdə həmin xarici dövlətdə azadolma və ya çıxılma tətbiq edilməsi məqsədi ilə ödənilmiş vergilərin məbləğlərinin Azərbaycan Respublikasının vergi orqanları tərəfindən təsdiq edilməsi üçün həmin qeyri-rezident tərəfindən doldurulur və müvafiq vergi orqanına təqdim edilir.

Xidmətdən istifadə etmək üçün vergi ödəyiciləri “Qeyri-rezident tərəfindən Azərbaycan Respublikasında ödənilmiş vergilərin təsdiq edilməsi haqqında Ərizə”ni (DTA-04 formasını) ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri, Milli Gəlirlər Baş idarəsi (yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, rayon vergilər şöbələrinin vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturlarına müraciət edə bilərlər.

DTA-04 forması hər bir gəlir ödəyən şəxs üzrə ayrılıqda təqdim edilir. Xidmət nəticəsində vergi ödəyicilərinə “Ödənilmiş vergilər haqqında” arayış təqdim edilir. Xidmət tam elektronlaşdırılıb və vergi ödəyiciləri gücləndirilmiş elektron imzadan istifadə etməklə İnternet Vergi İdarəsi üzərindən (www.e-taxes.gov.az) Dövlət Vergi Xidmətinə müraciət edə bilərlər.

Əlavə məlumat üçün:

https://www.taxes.gov.az/az/page/ikiqat-vergitutmanin-aradan-qaldirilmasi-haqqinda-beynelxalq-muqavilelerin-inzibatciligi-qaydalari
https://www.taxes.gov.az/az/page/tez-tez-verilen-suallar
https://www.taxes.gov.az/az/page/vs2023