Doqquz ayda özəlləşdirmədən büdcəyə daxilolmalar 95,5 milyon manat təşkil edib

2023.10.24 13:30 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 43 hərrac keçirilib.

Xidmətdən verilən məlumata görə, hərraclarda 9 səhmdar cəmiyyətinin səhm paketi, 13 kiçik dövlət müəssisəsi, 3 yarımçıq tikili sahəsi, 382 nəqliyyat vasitəsi özəlləşdirilib. Bu ilin ilk 9 ayı ərzində hərraca çıxarılan dövlət əmlakı üzrə 206 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 44 onlayn qoşulma reallaşıb.

2023-cü ilin yanvar-sentyabr ayları ərzində investisiya müsabiqələri vasitəsilə özəlləşdirilmiş müəssisələrə ümumilikdə 10,4 milyon manata yaxın vəsait qoyuluşu həyata keçirilib, müqavilə öhdəliklərinin icrası başa çatmış müəssisələrdə 221 iş yeri yaradılıb.

Cari ilin yanvar-sentyabr ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 95,5 milyon manat təşkil edib. Özəlləşdirilmədən dövlət büdcəsinə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 dəfə çox olub.