Vergilər naziri Mikayıl Cabbarov: "Hökumət tərəfindən nağdsız ödəniş mühitinin genişləndirilməsi üçün mühüm institusional tədbirlər görülməkdədir"

2019.06.21 16:27 (UTC+04:00)

Bu fikir Milli Məclisin növbədənkənar plenar iclasında "2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı səsləndirilib. Vergilər naziri qeyd edib ki, bu istiqamətdə digər dövlət qurumları ilə birgə iş aparılır: "Nağd pul kütləsinin cəmi pul kütləsində xüsusi çəkisi 2017-ci ilin dekabr ayı ilə müqayisədə 2018-ci ilin dekabrında 60,1 faizdən 51,9 faizə qədər azalıb. Düşünürəm ki, bu rəqəm dinamikanın hansı istiqamətdə yönəldiyini aydın şəkildə göstərir. Eyni zamanda, 2016-cı il ilə müqayisədə POS-terminalların sayında 16 faizədək azalma olub. Əgər 2016-cı ildə bu rəqəm 80.301 ədəd idisə, bu il iyunun 1-nə 67.032 POS-terminal qeydiyyatdadır".

Nazir bildirib ki, hazırda ölkədə 6 milyon 721 min ədəd ödəniş kartı mövcuddur. Bu da kartların tətbiqindən keçən dövr ərzində ən yüksək göstərici hesab edilir: "Təbii olaraq, burada əsas sual ondan ibarətdir ki, bu prosesdə iştirak edən 3 tərəf var - banklar, sahibkarlar və vətəndaşlar. Nağdsız hesablaşmaların aparılmasında hər bir tərəfin hansı dərəcədə maraqlı olduğu barədə sual yaranır. Bu suala cavab vermək üçün biz aşağıdakı məsələlərə diqqəti cəlb etmək istəyirik.

Birinci, komissiya haqlarıdır. Hazırda POS-terminal dövriyyəsi üzrə sahibkarların ödədiyi komissiya haqqı Azərbaycanda 1,29-2,37 faiz arasında dəyişir. Müqayisə üçün: Gürcüstanda 1,5-2 faiz, İngiltərədə 1,5-2 faiz, İtaliyada 2-2,75 faiz, Rusiyada 2-3 faiz aralığında dəyişir. Yəni müqayisədə, deyə bilərik ki, bizdə bu komissiya və tariflər xarici ölkələrdəki tariflərdən yüksək deyil. Dövlət bu tarif siyasətinə müdaxilə etmir.

İkinci məsələ cəzasızlıq mövzusudur. Mövcud qanunvericilik obyektlərdə POS-terminallar vasitəsilə nağdsız ödənişlərin qəbulundan imtina faktlarına görə məsuliyyət tədbirlərini nəzərdə tutmur. Bu isə bəzi vergi ödəyicilərinə müxtəlif bəhanələr gətirməklə POS-terminallardan istifadədən yayınmağa şərait yaradır. Vergilər Nazirliyi bu məsələ ilə bağlı əvvəllər də qanunvericilik təşəbbüsü ilə çıxış edib. Lakin qurumlararası razılaşdırma prosedurları zamanı bu təşəbbüs dəstəklənməyib. Milli Məclis qanunvericilik təşəbbüsünə malik olan orqandır. Əgər yenə də bu mövzu gündəmə gələrsə, biz yenidən həmin qanun layihəsini təqdim etməyə hazırıq".

Yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi məsələsinə toxunan Mikayıl Cabbarov bununla bağlı iki vacib məqamı vurğulayıb: "Milli Məclisin təsdiq etdiyi qanuna görə, yanvar ayının 1-dən nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizinin, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizinin geri qaytarılması ilə bağlı Vergi Məcəlləsinə yeni müddəa əlavə edilib. Hazırda bu prosesin başlaması üçün müvafiq hüquqi, təşkilati işlər davam edir. Burada müəyyən məsələlərin sürətləndirilməsinə ehtiyac var. Biz həmkarlarımızla, ilk növbədə Maliyyə Nazirliyi ilə bu məsələdə sıx çalışırıq və inanırıq ki, yaxın dövrlərdə bu proses başa çatdırılacaq. İkinci vacib məqam ondan ibarətdir ki, bu il Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdə POS-terminallardan istifadə edən, ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə əlavə vergi güzəştləri müəyyən edilib. Belə ki, 2019-cu il yanvarın 1-dən həmin şəxslər tərəfindən büdcəyə ödənilməli olan verginin məbləği 3 il müddətinə POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır.

Mən bir daha vurğulamaq istəyirəm ki, qanunvericilikdə müvafiq səlahiyyətlər olduğu təqdirdə, təbii olaraq, institusional və texniki nöqteyi-nəzərdən Vergilər Nazirliyinin bu işlərə nəzarəti həyata keçirməsi mümkündür. Lakin, təbii ki, biz hüquqi çərçivədə fəaliyyət göstərə bilərik və göstəririk".