“Şimal-Cənub” marşrutu ilə dəniz daşımalarının həcmi 20 milyon tona yüksələcək

2023.10.24 14:39 (UTC+04:00)

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə dəniz daşımalarının həcmi 2030-cu ilədək ildə 8 milyon tona, 2050-ci ilədək isə 20 milyon tona yüksələcək.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Federasiya Şurası yanında Nəqliyyat Kompleksinin İnkişafı üzrə Şuranın iclasında çıxış edərkən Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin dövlət katibi, nazir müavini Viktor Yevtuxov bildirib.

Onun sözlərinə görə, bunun üçün 2030-cu ilədək 20-yə yaxın gəmi tikilməlidir ki, onlardan 10-u konteyner gəmiləri olmalıdır. 2050-ci ilədək isə ən azı 50 gəmi tikilməsi zəruridir.

Rusiya İqtisadi İnkişaf Nazirliyinin hesablamalarına görə, “Şimal-Cənub” marşrutu üzrə yükdaşıma 2022-ci ildəki quru yollar da daxil olmaqla 16 milyon tondan bu il 19,5 milyon tona, 2030-cu ilədək isə 32 milyon tona yüksələcək. Qeyd olunan marşrut üzrə daşımaların həcmi 2023-cü ilin birinci rübündə ötən illə müqayisədə iki dəfə artıb.

Bildirilir ki, “Şimal-Cənub” Rusiya, Azərbaycan, İran və Hindistanı birləşdirən ən mühüm logistika dəhlizinə çevriləcək. Dəhlizin inkişafı çərçivəsində ümumi dəyəri 38 milyard dollar olan 100-dən çox layihənin reallaşdırılması nəzərdə tutulur - əlavə dəmir yolu hissələri, ikinci yollar çəkiləcək, dəmir yolu xətləri elektrikləşdiriləcək.