İsmayıl Hüseynov: “İşğaldan azad olunmuş ərazilərdə sahibkarlara elektron platforma vasitəsilə müraciət imkanı yaradılacaq” MÜSAHİBƏ

2023.10.24 10:15 (UTC+04:00)

- İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək məqsədilə hansı tədbirlər həyata keçirilir?

- Sahibkarlığın İnkişafı Fondu tərəfindən işğaldan azad olunmuş ərazilərdə iqtisadi aktivliyin bərpa olunması və investisiya qoyuluşlarının sürətləndirilməsi məqsədilə bir sıra maliyyə dəstəyi mexanizmləri tətbiq edilir. Fond tərəfindən hazırda həmin ərazilərdə fəaliyyət göstərən sahibkarlara, illik 5 faizədək olmaqla, 10 milyon manatadək güzəştli kreditlərin verilməsi təmin edilir. Güzəştli kreditlər, əsasən, yeni istehsal, emal müəssisələrinin yaradılması, eləcə də mövcud müəssisələrin genişləndirilməsi və modernləşdirilməsinə yönəldilir. İşğaldan azad olunmuş ərazilərə indiyədək verilən kreditlər də daha çox sənaye məhsullarının istehsalı və emalı, eyni zamanda kənd təsərrüfatı məhsullarının istehsalı sahələrinin payına düşür. Qeyd edim ki, bu il ərzində Fond tərəfindən həmin ərazilərdə fəaliyyət göstərən sahibkarların 4 layihəsinə 6 milyon manatadək güzəştli kredit verilib ki, həmin layihələrin də icraçıları Ağdam Sənaye Parkının rezidentləridir.

İşğaldan azad olunmuş ərazilərə indiyədək verilən kreditlər
daha çox sənaye məhsullarının istehsalı və emalı, eyni zamanda
kənd təsərrüfatı məhsullarının istehsalı sahələrinin payına düşür

- Bu il ərzində azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahibkarlara verilmiş kreditlərin həcmi və təsnifatı necədir?

- Bildiyiniz kimi, qeyd olunan ərazilərdə müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi məqsədilə sənaye parkları yaradılıb və Sahibkarlığın İnkişafı Fonduna daxil olan müraciətlər də həmin parkların rezidentləri tərəfindən edilib. Cari il ərzində verilmiş dörd kreditin hər biri sənaye zonasında fəaliyyət göstərən sahibkarların payına düşür. Onlar divar kağızları, dam örtükləri, havalandırma sistemlərinin istehsalı ilə məşğul olacaqlar. Ötən il maliyyələşdirilmiş sahələr sırasında kənd təsərrüfatı, o cümlədən bağçılıq təsərrüfatının maliyyələşdirilməsi kimi sahələr var idi. Kreditlərin təsnifatı azad edilmiş əraziyə əhalinin köçürülməsindən, oradakı sahibkarların fəaliyyətə başlamasından asılı olaraq dəyişir. Bu ildən etibarən əlavə bir dəstək mexanizmi də həyata keçiriləcək. Belə ki, Azərbaycan Prezidentinin 9 yanvar 2023-cü il tarixli fərmanı ilə “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası" təsdiq olunub.

- Sahibkar bu mexanizmdən hansı şərtlər daxilində istifadə edə biləcək?

- Qaydaya əsasən, sahibkarların əldə edəcəkləri biznes kreditlərinin 90 faizədək hissəsinə dövlət zəmanəti veriləcək və həmin kreditlərin 10 faizi 36 ay müddətinə dövlət tərəfindən subsidiyalaşdırılacaq ki, bu da onların maliyyə resurslarına əlçatanlığının daha da artması deməkdir. Çünki sahibkarların kredit əldə edən zaman qarşılaşdıqları ən böyük çətinliklərdən biri girov, zəmanət məsələsidir. Bu mexanizmdə dövlət sahibkarın təminat yükünü öz üzərinə götürür. Qeyd olunan mexanizmin tətbiqi kredit təşkilatlarını stimullaşdırır ki, sahibkarlara biznes kreditləri verilsin. Digər tərəfdən, sahibkarın faiz yükü də aşağı olur. Ümumilikdə isə bu mexanizm məbləği 5.000.000 manatadək, müddəti 7 ilədək, illik faiz dərəcəsi 15 faizədək olan kreditlərə şamil edilir. Subsidiya ödənişlərini də nəzərə alsaq, ilk 36 ay ərzində sahibkarın üzərinə düşən faiz yükü maksimum 5 faiz təşkil edəcək. Bu mexanizmdən azad olunmuş ərazilərin sosial-iqtisadi inkişafına xidmət edən bütün subyektlər yararlana biləcək.

- Elektron kredit və zəmanət informasiya sisteminin yaradacağı imkanlar nələrdən ibarət olacaq?

- Sahibkarlığın İnkişafı Fondunun strateji planında həyata keçiriləcək mexanizmlərin elektronlaşdırılması nəzərdə tutulub ki, bu da iş adamlarının operativ və şəffaf şəkildə maliyyəyə çıxışını təmin edəcək. Bu platforma ilkin olaraq dövlət zəmanətli kreditlərin verilməsində tətbiq olunacaq. Yəni əvvəlcə işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahibkarlar elektron platforma vasitəsilə müraciət edib müvafiq dəstək mexanizmlərindən yararlana biləcəklər. Beləliklə, sahibkarların müraciətlərinin statusunu onlayn rejimdə izləmək imkanı olacaq. Sənəd dövriyyəsi elektron formada olduğu üçün müraciətlərə daha sürətli baxış imkanı yaradılacaq. Bundan başqa, Fond tərəfindən həyata keçiriləcək bütün dəstək mexanizmlərinin “Elektron kredit və zəmanət informasiya sistemi”nə inteqrasiya olunması nəzərdə tutulub. Bu ilin sonuna kimi bu sistemin istifadəyə verilməsi təmin ediləcək.

İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən
sahibkarlar elektron platforma vasitəsilə müraciət edib
müvafiq dəstək mexanizmlərindən yararlana biləcəklər

- Qeyd etdiyiniz mexanizmə müraciət forması necə olacaq?

- Sahibkar “Elektron kredit və zəmanət informasiya sistemi”nə daxil olaraq almaq istədiyi kredit və layihə barədə məlumat verəcək, müvəkkil kredit təşkilatını seçəcək. Müvəkkil təşkilat isə öz növbəsində, biznes maraqlarını və Fondun qaydalarını nəzərə almaqla, layihəni qiymətləndirəcək. Müvəkkil kredit təşkilatı layihənin maliyyələşdirilməsinə razıdırsa, müvafiq sənədləri Sahibkarlığın İnkişafı Fonduna yönəldəcək. Fond tərəfindən layihə dəyərləndirildikdən sonra qərar veriləcək. Bütün bu müddət ərzində sahibkar qeyd etdiyimiz platforma vasitəsilə müraciətinin hansı mərhələdə olduğunu onlayn qaydada izləyə biləcək.

- İl ərzində sahibkarlara güzəştli şərtlərlə nə qədər kredit verilib və hansı istiqamətlər üzrə olan layihələrin maliyyələşdirilməsi çoxluq təşkil edib?

- 2023-cü ilin 9 ayı ərzində 2105 layihənin maliyyələşdirilməsi üçün 101,9 milyon manat güzəştli kredit verilib. Həmin kreditlərin məbləğ üzrə 55%-i kənd təsərrüfatı məhsullarının, 32%-i sənaye məhsullarının istehsalı və emalının, 13%-i isə turizm, xidmət və digər sahələrin payına düşüb. Bu ilin sonuna qədər minimum 150 milyon manat həcmində güzəştli kreditin verilməsi planlaşdırılır.

İlhamə İSABALAYEVA