Vergilər nazirinin əmri ilə "Vergi orqanlarında könüllü fəaliyyətin təşkilinə dair Tədbirlər Planı", həmçinin Vergilər Nazirliyinin və könüllülərin vəzifə və hüquqlarını özündə əks etdirən "Haqqı ödənilməyən (könüllü) fəaliyyət haqqında müqavilə" forması təsdiq olunub. Bununla əlaqədar nazirliyin rəsmi internet səhfəsində vergi orqanlarında könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün xüsusi bölmə yaradılıb. Burada könüllü fəaliyyətin təşkili qaydaları, müraciət forması və digər zəruri məlumatlar yer alıb.
Vergilər Nazirliyində könüllü kimi fəaliyyət göstərmək istəyən şəxslər bölmənin "Necə müraciət etməli?" hissəsinə daxil olaraq könüllü olmaq məqsədilə nazirliyə müraciət edə bilərlər.
Prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramı"nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, gənclərin yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulub.
Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirilməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi, gənclərin yaradıcılıq fəaliyyətinin dəstəklənməsi və asudə vaxtının səmərəli təşkil edilməsi məqsədilə vergi orqanlarında da müvafiq tədbirlər keçirilir. Saytda xüsusi bölmənin yaradılması da bu tədbirlərin tərkib hissəsidir.
Qeyd edilməlidir ki, artıq Bakı şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzlərində 15 könüllü fəaliyyət göstərməyə başlayıb. Onlarla görüşlər keçirilib, müvafiq təlimatlandırma aparılıb. Ümumiyyətlə, ilkin mərhələdə Bakı, Sumqayıt, Şirvan, Lənkəran, Gəncə, Goranboy və Şəmkir şəhərlərində yerləşən xidmət mərkəzlərində 30 nəfər könüllünün fəaliyyət göstərəcəyi nəzərdə tutulur.