Azərbaycanlı startapçının hazırladığı rəqəmsal çeklər bir neçə xarici ölkədə tətbiq olunacaq

2023.10.23 15:51 (UTC+04:00)

R.Heydərlinin sözlərinə görə, kağız çeklərin hazırlanmasına dünya üzrə hər il 4 milyard ABŞ dollarından artıq vəsait xərclənilir. Azərbaycanda isə sahibkarlar kağız çeklərin alınmasına il ərzində 100 milyon manatdan çox sərf edirlər. Bu layihənin tətbiqi nəticəsində sahibkarlar həmin xərclərdən xilas ola bilərlər: "Rəqəmsal çeklərin istifadəsi yalnız kağıza qənaət baxımından səmərəli deyil. Layihə imkan verir ki, rəqəmsal çekin nüsxəsi birbaşa müştərinin e-bank tətbiqinə daxil olsun. Bu gün ticarət mərkəzlərində alış-veriş edən şəxsə kağız çek verilir və o, çeki skan edəndən sonra ƏDV-ni geri alır.

Rəqəmsal çeklər olduqda isə müştəri həmin tətbiq vasitəsilə ƏDV-ni dərhal geri ala bilər. Bu həm də ona görə əhəmiyyətlidir ki, istifadəçi bütün çeklərini bir tətbiqdə toplaya bilir və istədiyi zaman həmin çeklər onun üçün əlçatan olur. Müştəri hansısa malı geri qaytarmalı və ya dəyişməli olsa, həmin çeklə mağazaya müraciət edə bilər. Sahibkar isə müştərisinin alış-veriş vərdişlərini daha yaxşı qavraya və ona uyğun endirimlər tətbiq edə bilər”.

Startapçı hesab edir ki, gələcəkdə kağız çekləri tamamilə rəqəmsal çeklə əvəz etmək olar. Əgər qanunvericilik buna icazə verərsə, bu çeklər bərabərhüquqlu olacaq. Hazırda bir cox Avropa ölkələrində tamamilə rəqəmsal çeklərə keçidin başlandığını deyən R.Heydərli Azərbaycanda da bu sahədə böyük işlər görüldüyünü, rəqəmsal çeklərin tətbiqi üçün hazırda müvafiq dövlət strukturları ilə danışıqlar aparıldığını bildirib: “Layihə artıq Azərbaycanda da müvafiq ekspertiza mərhələsini keçib. Təklif etdiyimiz alət hər iki tərəf – həm müştəri, həm də sahibkar üçün cəlbedicidir. Stimullaşdırıcı tədbir kimi, rəqəmsal çeklərin sadə formasını sahibkarlara pulsuz təqdim etmək istəyirik, onlar da bunu alış-veriş zamanı tətbiq etsinlər və əgər çekin üzərinə hər hansı reklam, müştərilər üçün xidmət sorğusu kimi məlumatları yerləşdirmək istəyirlərsə, bunun üçün bizə vəsait ödəsinlər”.

R.Heydərli qeyd edib ki, Azərbaycanda 200.000 dollar məbləğində investisiya yatırılan layihə Avropa Yenidənqurma və İnkişaf Bankından da qrant alıb, eyni zamanda Türkiyədə Viza İnnovasiya proqramının iştirakçısı olub. Layihənin reallaşdırılması üçün ABŞ və Azərbaycanla yanaşı, Puerto-Rikoda aktiv işlərə başlanılıb, paralel olaraq, Dubay və Türkiyədə də icrasına başlamaq üçün işlər görülür: “Onu da deyim ki, 200 min dollardan əlavə, Azərbaycanın yerli investorlarının birindən də 500 min dollarlıq investisiya almışıq və hazırda investisiya raundunu bağlamağa çalışırıq. Bu investsiya bizə Dubayda və Türkiyədəki fəaliyyətə başlamaq üçün lazım olacaq. Dubayda artıq yerli pos-terminal şirkətlərindən biri inteqrasiya prosesinə başlayıb. Sevindirici haldır ki, xarici investorların bu layihəyə böyük marağı var”.

İlhamə İSABALAYEVA