Mikro sahibkarlara hansı hallarda mənfəət vergisi üzrə güzəşt tətbiq olunur?

2023.10.26 09:45 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, sahibkarlıq subyektlərinin bölgüsü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü Meyarları” ilə tənzimlənir. Həmin qərarın “Qeydlər” bölməsinin 2-ci hissəsinə əsasən, sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür. Buna uyğun olaraq, əvvəlki illərdə fəaliyyəti olan vergi ödəyicisinin mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid edilməsi onun hər bir hesabat ilinin yekunlarına görə mövcud olan göstəriciləri əsasında müəyyən edilir.

Yeni yaradılmış sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektləri kimi müəyyənləşdirilməsi onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən həmin hesabat ilinin sonunadək olan dövr üzrə artan yekunla gəlir göstəricisi müəyyən edildiyi halda gəlir göstəricisi əsasında, gəlir göstəricisi müəyyən edilmədiyi halda isə işçi sayı əsas götürülməklə həyata keçirilir. Həmin sahibkarlıq subyektlərinin dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən ilk hesabat ilinin sonunadək olan dövrü əhatə edən təqvim ilinin nəticələri üzrə təqdim edilən hesabatlara əsasən gəlir və işçilərin orta siyahı sayı göstəriciləri dəqiqləşdirilir və onlardan daha yüksək olanı əsas götürülməklə vergi ödəyicisinin meyarlar üzrə bölgüsü təkrar müəyyən edilir.

Eyni zamanda, Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi mənfəət vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 106.1.20-ci maddəsi, Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 saylı Qərarı