Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən, dünyanın ən nəhəng texnologiya tədbirlərindən biri olan “GITEX Global 2023” tədbirində iştirak edib.
Mərkəzin məlumatına görə, 16-20 oktyabr tarixlərində keçirilən tədbirdə sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən 170 ölkədən olan 6000-dən çox şirkət və 1400-dən çox spiker süni intellekt, əşyaların interneti, blokçeyn, fintek və s. kimi 4-cü sənaye inqilabı texnologiyaları (4Sİ) sahəsində öz qabaqcıl həllərini nümayiş etdiriblər.
4SİM-in nümayəndə heyəti tədbir çərçivəsində keçirilən sərgidə 4Sİ sahəsində tətbiq olunan ən son texnologiyalarla tanış olub, “Alibaba Group”, “İBM”, “Microsoft”, “Google” kimi şirkətlərlə görüşlər keçirib. Tədbirdə “Dubay Dünya Ticarət Mərkəzi”, “StrategEast” təşkilatı, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Gürcüstan Respublikalarının innovativ qurumlarının nümayəndələri ilə görüşülüb və əməkdaşlıq imkanları müzakirə olunub.
Səfər çərçivəsində 4SİM-in nümayəndə heyəti Dubay Rəqəmsal İqtisadiyyat Palatasının rəhbərliyi ilə də görüş keçirib. Görüşdə rəqəmsal iqtisadiyyat sahəsində həyata keçirilən tədbirlər və “Yeni nəsil iqtisadiyyat strategiyası” çərçivəsində nəzərdə tutulan təşəbbüslər haqqında müzakirələr aparılıb.