Mal-material ehtiyatları istifadəyə yararsız hala düşərsə, onların dəyəri gəlirdən çıxılan xərclərə aid edilirmi?

2023.10.24 12:46 (UTC+04:00)

Yuxarıda qeyd olunan maddədə görünməyən digər mümkün hal mal-material ehtiyatlarının oğurlanması (əksikgəlməsi) və ya istifadəyə yararsız hala düşməsi (yararlılıq vaxtının bitməsi) halları zamanı onların dəyərinin mənfəət vergisi məqsədləri üçün gəlirdən çıxılan xərclərə aid edilməsi məsələsidir. Bu, aşağıdakı hallarda mümkündür.

Vergi Məcəlləsinin 108.5-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələ gələn itkilər, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələr vergitutma məqsədləri üçün gəlirdən çıxılır.

Təbii itki normaları Nazirlər Kabinetinin “Ticarət və ictimai iaşə sahəsində ərzaq məhsullarının təbii itki Normaları”nın təsdiq edilməsi barədə 17.07.2018-ci il tarixli 307 nömrəli qərarı ilə müəyyən edilib. Aşağıdakı misalda təbii itki normaları üzrə illik mənfəət norması üzrə xərcə salınan malların nümunəsi göstərilib:

Misal: Müəssisənin 2023-cü ildə təbii itki normaları daxilində 3.000 manat dəyərində malı xarab (zay) olub. Belə olan halda həmin məbləğ 2023-cü ilin mənfəət vergisi məqsədləri üçün gəlirdən çıxılan xərclərə aid ediləcək.

Təbii itki normaları ərzaq məhsullarını əsas tutur. Qeyri-qida mal-materialları üzrə yanaşma ardıcıllığı da eynidir. Fərz edək ki, malların yığıldığı anbara təbii fəlakət nəticəsində və ya digər səbəbdən su dolub və malların bir qismi tamamilə istifadəyə yararsız hala düşub. Belə olan halda, biz malların dəyərini xərc kimi silə bilərik, sadəcə müəyyən prosesləri icra etmək lazımdır. Nümunəmizə istinadən hadisənin baş verdiyini təsdiq edəcək qurum olan Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının anbara baxışı əsasında hadisənin baş verdiyini təsdiq edəcək sənəd hazırlanıb müəssisəyə təqdim olunur. Müəssisə isə öz növbəsində, bu təsdiqləyici sənədi əsas tutaraq istifadəyə yararsız mallarla bağlı akt tərtib edir və daha sonra maya dəyərində xərc kimi çıxılır. Təsdiqləyici sənəd olmadan müəssisənin özünün akt tərtib etməsi və ya zay olmuş malların xərcə silinməsi mümkün deyil.