“Rebuild Karabakh” sərgisində KOB-ların məhsul və xidmətləri təqdim olunur

2023.10.19 16:46 (UTC+04:00)

3-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” - “Rebuild Karabakh” çərçivəsində kiçik və orta sahibkarlıq subyektlərinin məhsul və xidmətlərinin tanıdılmasına, satış imkanlarını genişləndirilməsinə və yeni biznes əlaqələri qurmasına dəstək məqsədilə stend qurulub.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) verilən məlumata görə, stenddə 14 KOB subyektinin kənd təsərrüfatı, sənaye, alternativ enerji, inşaat məhsulları, təmir, proqram təminatı, layihələndirmə və s. xidmətləri təqdim edilir.

Həmçinin stenddə KOBİA-nın və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun sahibkarlara göstərdiyi xidmətlər barədə məlumat verilir.

Qeyd edək ki, "Rebuild Karabakh" Sərgisi Qarabağın bərpasına həsr olunan yeganə və ilk ixtisaslaşmış sərgidir. Sərginin məqsədi işğaldan azad olunduqdan sonra Qarabağdakı müsbət dəyişikliklərə, bərpa və yenidənqurma işlərinə diqqəti çəkmək, biznesin bu ərazilərin inkişafında və infrastrukturunun bərpasında iştirakını, buraya investisiya qoyuluşunu təşviq etməkdir. Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən “Rebuild Karabakh” Sərgisi ilə yanaşı, Bakı Ekspo Mərkəzində 28-ci Azərbaycan Beynəlxalq İnşaat (“BakuBuild”),15-ci Yubiley Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu (“Aquatherm Baku”) və 11-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat (“Road&Traffic”) sərgiləri də keçirilir. Sərgilər oktyabrın 21-dək davam edəcək.