DVX və "AmCham Azərbaycan"ın təşkilatçılığı ilə sahibkarlarla görüş keçirilib

2023.10.18 16:17 (UTC+04:00)

Oktyabrın 18-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) və Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) birgə təşkilatçılığı ilə “AmCham Azərbaycan”a üzv şirkətlərin qatıldığı növbəti komitə iclası keçirilib. Vergi inzibatçılığı sahəsində gözlənilən dəyişikliklərə həsr olunmuş tədbirdə 50-dən çox şirkət nümayəndəsi iştirak edib.

İclasda DVX-ni Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev, Qanunvericilik layihələrinin hazırlanması şöbəsinin rəisi Elnur Yusifov və baş hüquqşünas Azər Mustafayev təmsil ediblər.
“AmCham”ın Vergi və Gömrük Komitəsinin sədri Nərmin Aslanova Vergi Məcəlləsinə edilmiş növbəti dəyişikliklərlə bağlı ilk müzakirənin “AmCham Azərbaycan” üzvləri ilə aparıldığına görə DVX nümayəndələrinə dərin təşəkkürünü bildirərək, sahibkarların ictimai təşkilatları ilə keçirilən görüşlərin önəmini vurğulayıb.

Tədbirdə çıxış edən DVX-nin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev vergi siyasəti və vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi qanunvericiliyinə edilmiş dəyişikliklər, habelə qarşıdakı dövrdə vergi siyasətinin əsas istiqamətləri və görüləcək işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Biznes strukturlarının nümayəndələrini maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, vergi qanunvericiliyi və biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər müzakirə edilib, görüş iştirakçılarının sualları cavablandırılıb.