Vergi orqanlarına daxil olmuş vətəndaş müraciətlərinə vaxtında baxılır

2018.12.19 16:21 (UTC+04:00)

2018-ci ilin noyabr ayı ərzində vergi orqanlarına 8.638 müraciət daxil olub ki, onların da 86,6 faizi ərizə, 13,1 faizi şikayət, 0,3 faizi təklifdir.

Müraciətlərin 36,1 faizi kameral vergi yoxlamaları, 35,8 faizi müxtəlif arayışların alınması, 10,8 faizi vergi borcları, 2,6 faizi vergidən yayınma, qanunsuz sahibkarlıq fəaliyyəti, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, qalanları isə digər məsələlərlə bağlı olub. Bütün müraciətlərə vaxtında baxılıb, 77,1 faizi müsbət həll olunub. Ay ərzində Vergilər Nazirliyinin mərkəzi aparatı, yerli vergi orqanları və vergi ödəyicilərinə xidmət mərkəzləri də daxil olmaqla bütün qurumlarda vergi orqanlarının müxtəlif səviyyədə rəhbər vəzifəli şəxsləri və vergi əməkdaşları tərəfindən ümumilikdə 326 vətəndaş qəbul edilərək, onlara qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.