Zəngəzur enerji-nəqliyyat dəhlizinin yaradılması Orta Dəhlizin yeni qollarla inkişafına yol açır.
Energetika Nazirliyindən verilən məlumata görə, bu barədə nazir Pərviz Şahbazov Çində keçirilən 3-cü “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində “Bağlantılar” üzrə yüksək səviyyəli tədbirdə çıxış edərkən deyib.
Onun sözlərinə görə, 2030-cu ilədək 7 QVt yaşıl enerji güclərinin yaradılması və bunun 5 QVt-nın Xəzər-Avropa İttifaqı və Azərbaycan-Türkiyə-Avropa dəhlizləri ilə ixracı, həmçinin elektrik enerjisinin Mərkəzi Asiyadan Azərbaycana, buradan Avropaya ötürülməsi planları “Kəmər və yol”u yaşıl bağlantılarla zənginləşdirəcək.
Çıxışda, həmçinin, birgə layihələrdən və əlaqələrin dinamikasından bəhs edilib. Nümunələr kimi ötən il ticarət dövriyyəsinin 21 faiz, Çindən Azərbaycan üzərindən qərb və əks istiqamətlərdə tranzit daşımalarının həcminin 60 faiz artması və Azərbaycanda 200-dən çox Çin şirkətinin fəaliyyəti qeyd olunub.
Forumda qəbul olunan “Bağlantılar üzrə Əməkdaşlığın Dərinləşdirilməsi üzrə Pekin Təşəbbüsü”nə Azərbaycan da qoşulub.