Rusiya ilə Avropa İttifaqı (Aİ) arasında gərginlik şəraitində Avropa strukturlarının Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (Orta Dəhliz) marağı hələ də yüksəkdir. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına rusiyalı ekspert, Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin analitik layihələr üzrə direktoru Mixayil Neyjmakov deyib.
"Bu dəhlizin perspektivləri Avropa Yenidənqurma və İnkişaf Bankının 2023-cü ilin ortalarında dərc olunmuş araşdırmasında da yüksək qiymətləndirilib. Əhəmiyyətli məsələ bir çox dövlətlərin və iri biznes qurumlarının bu dəhlizin infrastrukturunun modernləşdirilməsinə investisiya qoymağa hazır olmasıdır”, - ekspert qeyd edib.
Onun sözlərinə görə, iri infrastruktur nəqliyyat layihələri bir çox hallarda tikinti lobbisindən aktiv dəstək tapır, digər tərəfdən, hazırda Avropa İttifaqının iqtisadi çətinliklərlə üzləşməsi bu assosiasiyanın həm öz ərazisində, həm də xaricdə iri layihələrin maliyyələşdirilməsində iştirak imkanlarını azalda bilər.
Ekspertin fikrincə, ümumiyyətlə, Azərbaycan və postsovet Orta Asiya ölkələri arasında bu dəhlizin inkişafı üzrə qarşılıqlı fəaliyyət daha geniş spektrli məsələlər üzrə əməkdaşlıq üçün stimul ola bilər: "Məsələn, xarici tikinti şirkətləri üçün perspektivli mövzu onların Qarabağda layihələrin həyata keçirilməsində iştirakıdır. Xatırlaya bilərik ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin 2022-ci ilin avqustunda Azərbaycana səfəri zamanı tikinti sənayesinin təmsilçiləri onu müşayiət edən nümayəndə heyətinə daxil idilər”.
Tamilla MƏMMƏDOVA