Elektrik enerjisi, neft-qaz, neft-kimya və bərpa olunan enerji sahələrində əməkdaşlığın inkişafı və enerji layihələrinə investisiyanın təşviqi məqsədilə Azərbaycanın Energetika Nazirliyi ilə Çinin Milli Enerji Administrasiyası arasında Anlaşma Memorandumu imzalanıb.
Energetika Nazirliyindən verilən məlumata görə, memorandum “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində Çində səfərdə olan energetika naziri Pərviz Şahbazovun Çinin Milli Enerji Administrasiyasının rəhbəri Zhang Jianhua ilə görüşü zamanı imzalanıb.
Sənəd hər iki ölkənin energetika sektorunda ikitərəfli əlaqələrin genişləndirilməsini, yeni texnologiyaların tətbiqi, enerji infrastrukturunun yenilənməsi üzrə əməkdaşlığı, qarşılıqlı investisiya və biznes fəaliyyətlərinin təşviqini, bərpa olunan enerji mənbələri sahəsində təcrübə mübadiləsini, həmçinin birgə konfrans, forum və təlimlərin keçirilməsini nəzərdə tutur.