Konteynerlərlə daşınan yüklərin həcmi açıqlanıb

2023.10.17 16:44 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində konteynerlərlə daşınan idxal və ixrac yüklərinin həcmində artım qeydə alınıb.

Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC-nin məlumatına görə, cari ilin ilk 9 ayında konteynerlərlə idxal yüklərinin nəqli 8059 TEU təşkil edib ki, bu da bir il öncəki eyni göstəricini 50,4 faiz üstələyir.

İdxal olunan yüklərin sırasında, əsasən, müxtəlif sənaye, kimya sənayesi məhsullarını, əlvan metallurgiya, tikinti materialları, nəqliyyat vasitələri və onların ehtiyat hissələrini qeyd etmək olar.

Konteynerlərlə daşınan ixrac yüklərinin nəqlinə gəlincə, 2023-cü ilin ilk 9 ayı ərzində “ADY Konteyner” tərəfindən 11 306 TEU yük daşınıb ki, bu da 2022-ci ilin eyni dövrünə nisbətdə 2,4 dəfə çoxdur. Nəql olunan ixrac yönümlü yüklər sırasında əlvan metallurgiya, sənaye, kimya sənayesi məhsulları üstünlük təşkil edir.