Doqquz aya 35,5 milyon ABŞ dolları dəyərində sement ixrac edilib

2023.10.17 15:45 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında ölkədə 2 733,9 min ton həcmində sement istehsal edilib.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, bir il öncəki müvafiq göstəricini 3 faiz və ya 80 min ton üstələyir.

Cari ilin avqust ayı ilə müqayisədə isə sentyabrda istehsal həcmində 31,6 faiz və ya 77,2 min ton artım qeydə alınıb. Sentyabr ayında 321,6 min ton sement istehsal olunub. Oktyabr ayının 1-nə hazır məhsul ehtiyatı 62,8 min ton təşkil edib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən isə cari ilin ilk 9 ayında ölkədən 35,5 milyon ABŞ dolları dəyərində 620,7 min tondan çox hazır və ya klinker formasında sement ixrac edilib. Bu, 2022-ci ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 11,5 milyon dollar və ya 48,3 faiz, həcm baxımından isə 104,7 min ton və ya 20,3 faiz çoxdur.

2023-cü ilin ilk 9 ayı ərzində sementin ümumi ixracda xüsusi çəkisi 0,13 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,46 faizə bərabər olub.