Borcalanın skorinq balı necə hesablanır?

2023.10.19 14:05 (UTC+04:00)

Beləliklə, skorinq – statistik metodlara əsaslanan borcalanların yoxlanılması üçün banklar tərəfindən istifadə olunan xüsusi sistemdir. Borcalanların doldurduğu xüsusi anketlərdəki məlumatların kompüter proqramına daxil edilməsi nəticəsində skorinq bal əldə olunur. Başqa sözlə, həmin proqram borcalana kredit verib-verməmək barədə qərar çıxarır.

“Unibank”ın Risk departamentinin direktoru Fazil Məmmədovun sözlərinə görə, "Skorinq balı" - müştərinin krediti qaytarıb-qaytarmayacağını proqnoz edən, kredit skorinqi sisteminin verdiyi göstəricidir. Skorinq balı müştəri haqda fərqli parametrlərin əsasında hesablanır. Məsələn, vətəndaşın gəliri, yaşı, iş yeri, vəzifəsi, kredit tarixçəsi və s. nəzərə alınır: “Kredit skorinqi risklərin qiymətləndirilməsi üçün avtomatlaşdırılmış sistemdir. Sistemin banklar üçün əsas üstünlüyü kredit qərarlarının avtomatlaşdırılmasına, müvafiq olaraq sürətin artırılmasına, xərclərə qənaət edilməsinə yardımçı olmasıdır. Qurulmuş skorinq sistemindən asılı olaraq, ən yuxarı bal kreditin qaytarılacağı ehtimalının yüksək olmasını göstərir və ya əksinə, aşağı bal bu ehtimalı azaldır”.

Skorinq alqoritmi necə qurulur?

Skorinq sistemi 2 yolla qurula bilər:

1. Ekspert rəyi: Bu halda, təcrübəyə əsaslanaraq, müştərinin ödəyib-ödəməyəcəyini təyin etmək üçün mümkün təsir parametrləri seçilir və həmin parametrlərə müəyyən aralıqda ballar verilir.

2. Modelləşdirmə yolu ilə: Bu zaman, statistikaya əsaslanaraq, keçmişdə kredit götürmüş müştərilərin əldə olan bütün parametrləri çıxarılır və həmin parametrlərin yekun nəticəyə (müştərinin krediti ödəyib-ödəməməsi ) təsiri müxtəlif alqoritmlərlə təhlil edilir.

Mütəxəssis təhlil yollarına da aydınlıq gətirərək qeyd edib ki, skorinq balın müəyyən olunması üçün “Logistic regressiya” və “Boostin” adlanan alqoritmlərdən istifadə olunur: “1-ci alqoritmdən, adətən, geniş məlumatlara malik olmayan və ya nisbətən təcrübəsiz banklar; 2-ci yoldan isə bazarda artıq kifayət qədər fəaliyyət göstərmiş və müştəri bazası olan banklar istifadə edirlər. Bu alqoritmlərin məqsədi verilmiş parametrlərin (məsələn, iş yeri, yaş, kredit tarixçəsi və s.) müştərinin defolt olmaq təsirini ölçməkdir. Tutaq ki, bazamızda ötən illərdə verdiyimiz 1000 kredit var. Bundan 5 -i ödənilməyib, yəni defolt olub. Həmin 1000 müştərini analiz etməklə öyrənə bilirik ki, defolt olan müştərinin əsas ortaq cəhətləri hansılardır. Bank mütəxəssisləri kredit ayrılmasına buna uyğun yanaşırlar”.

Skorinq balın banklar üçün əsas əhəmiyyətinə gəlincə, F.Məmmədov bildirib ki, əsas məqsəd proseslərin avtomatlaşdırılması ilə sürətli kredit qərarı vermək və müştəri məmnuniyyəti üzərindən üstünlük qazanmaqdır. Müştərilər üçün skorinq balın yüksək olması krediti daha aşağı faizlərlə və sürətli qaydada əldə etməyə kömək edir.

Ən yüksək və ən aşağı ballar hansılardır?

Skorinq balın müəyyənləşdirilməsi üçün istifadə olunan proqram işinin nəticələri 300-900 bal arasında dəyişir. Əgər müştərinin balı 600-dən aşağıdırsa, heç bir bankdan kredit almaq mümkün olmayacaq. 600-620 arasında bal az məbləğli (500 manata qədər), lakin böyük faizli kredit almağa imkan verəcək və ödəmə müddəti qısa olacaq. 620-640 balı olan müştərini nisbətən şanslı saymaq olar. Ona münasib şərtlərlə 2.000 manata qədər kredit verilə bilər. Skorinq balı 640-650 olan vətəndaşlar əksər kredit təkliflərindən yararlana bilərlər. Bu zaman xırda məbləğdə əlavə yoxlamaya gərək olmayacaq, amma böyük məbləğ üçün ciddi yoxlama lazım gələcək. 650-690 arasında skorinq bal əldə edən müştərilər isə yüksək səviyyəli hesab olunurlar və onlara minimal faiz dərəcələri ilə xüsusi şərtlərlə sərfəli kreditlər ayrıla bilər. 690 baldan yüksək nəticələri olanlar isə istənilən bank üçün olduqca arzuolunan şəxslərdir.

Fərqanə ALLAHVERDİQIZI