İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9-cu maddəsinə əsasən, hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.
Dəyişikliyin dövlət reyestrinə daxil edilməsi üçün müvafiq ərizəyə Cəmiyyətin əvvəlki qanuni təmsilçisinin (direktorunun) vəzifədən azad olunması və yeni qanuni təmsilçinin (direktorun) təyin olunması barədə qərar (qərarlar) və yeni rəhbərin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək qeydiyyat orqanına təqdim olunmalıdır.
Əsas: Mülki Məcəllənin 53.3-cü maddəsi, Azərbaycan Respublikasının 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanununun 6-cı və 9-cu maddələri