İlin əvvəlindən sahibkarlara 46 milyon manat həcmində güzəştli kredit verilib

2019.06.20 18:57 (UTC+04:00)

Göygöl rayonunda keçirilmiş işgüzar forumda rayonun iqtisadi potensialına uyğun olaraq kənd turizmi layihələrinin maliyyələşdirilməsi, cins heyvandarlıq, üzümçülük, kartofçuluq və arıçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara metodiki materiallar təqdim olunub. Forumda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən dövlət dəstəyi tədbirləri, Sahibkarlığın İnkişafı Fondunun özəl bölmənin inkişafında, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində gördüyü işlər barədə məlumat verib. Qeyd edilib ki, bu ilin əvvəlindən bəri 463 sahibkarın ümumi dəyəri 175,7 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 46 milyon manat güzəştli kredit verilib. Həmin layihələrin reallaşdırılması 1800-dək iş yerinin yaradılmasına imkan yaradır.

Forum çərçivəsində Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 29 sahibkara heyvandarlıq, bağçılıq, tərəvəzçilik sahələrinin inkişafı üçün 781 min manat güzəştli kredit verilib. Qeyd edək ki, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 7000-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 275,6 milyon manat həcmində güzəştli kredit verilib.

İşgüzar forum çərçivəsində Gəncədə güzəştli kredit ayrılan tikinti materialları istehsalı müəssisəsinə baxış keçirilib.