“Bir kəmər, bir yol” təşəbbüsü irəli sürüləndən ötən 10 il ərzində Çinin bu təşəbbüsə qoşulan ölkələrlə ticarət dövriyyəsi 87,4 faiz çoxalıb.
Bunu Çin Baş Gömrük Administrasiyasının Statistika və analitika departamentinin direktoru Lyu Dalyan Pekində keçirdiyi mətbuat konfransında deyib. Bildirib ki, Çinin “Bir kəmər, bir yol” ölkələri ilə ticarət dövriyyəsi 2013-cü ildəki 10,11 trilyon yuandan (təxminən 1,384 trilyon ABŞ dolları) ötən ilin sonuna 18,95 trilyona yuana (2,593 trilyon dollar) çatıb. İllik artım artım tempi isə 7 faiz təşkil edib ki, bu da Çinin ümumi xarici ticarətinin artım tempindən 1,5 faiz daha yüksədir.
Administrasiya rəsmisi qeyd edib ki, Çin “Bir kəmər, bir yol” təşəbbüsünün əhatə etdiyi 114 ölkənin 3 əsas xarici ticarət tərəfdaşından biri, 68 dövlətin isə ən böyük ticarət tərəfdaşıdır. Çin 74 ölkənin əsas idxal mənbəyi, 35 dövlətin isə ən böyük ixrac bazarıdır.
Lyu Dalyan əlavə edib ki, Çinin son ildə dəmir yolu, yük limanları, sənaye parkları da daxil olmaqla, imzaladığı layihələrin təxminən 90 faizi məhz “Bir kəmər, bir yol” təşəbbüsü ölkələrinin payına düşür. Ötən 10 ildə 25 ölkəni və 200-dən çox şəhəri əhatə edən Çin-Avropa qatarlarının sayı 80-dən 16 minə yüksəlib.
Qeyd edək ki, oktyabrın 17-18-də Pekində 3-cü “Bir kəmər-bir yol” beynəlxalq əməkdaşlıq forumu keçiriləcək. Dövlət və hökumət başçılarının, yüksək vəzifəli rəsmi şəxslərin, beynəlxalq və regional təşkilatların rəhbərlərinin iştirak edəcəyi forumun müxtəlif mövzularda bölmə iclaslarında “Bir kəmər, bir yol” təşəbbüsü üzrə əməkdaşlıq məsələləri müzakirə olunacaq. Azərbaycan nümayəndə heyəti forumda iştirak edəcək.
Çinin xüsusən Avrasiya regionundakı ölkələrlə ikitərəfli və çoxtərəfli iqtisadi-ticari əməkdaşlığının genişlənməsinə dəstək məqsədi daşıyan “Bir kəmər, bir yol” təşəbbüsü 2013-cü ildə elan edilib. Azərbaycan bu təşəbbüsü ilk dəstəkləyən ölkələrdən biri olmaqla yanaşı, özünün iqtisadi potensialı, əlverişli coğrafi mövqeyi, eləcə də nəqliyyat-logistika imkanları ilə onun icrasına önəmli töhfələr verir. Azərbaycan “Bir kəmər, bir yol” layihəsinin mühüm hissəsi olan Orta Dəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırıb. 2017-ci ildə “Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istismara verilməsi, habelə Ələt beynəlxalq ticarət limanı, Xəzər dənizindəki mülki donanma yüklərin Çindən Avropa və əks istiqamətdə daşınması üçün əlverişli imkanlar yaradıb. Ötən müddətdə Azərbaycan üzərindən keçməklə hər 2 istiqamətdə bir neçə qatar marşrutu fəaliyyətə başlayıb.
Rusiya-Ukrayna müharibəsi, habelə onun müxtəlif ölkələr arasında siyasi və iqtisadi münasibətlərə neqativ təsiri Avrasiya regionunda yüklərin daşınması üçün daha etibarlı yollara tələbat yaradıb ki, onlardan ən əsası yüklərin Mərkəzi Asiya-Xəzər dənizi-Azərbaycan-Gürcüstan vasitəsi ilə həm quru yolu ilə Türkiyə üzərindən, həm də su nəqliyyatı ilə Qara dəniz üzərində Avropaya daşınmasıdır. Qeyd olunan yollar vasitəsi ilə artıq Çindən Avropaya bir neçə yeni qatar marşrutu işə salınıb. Əslində yuxarıda da qeyd etdiyimiz kimi, Avropada hazırda davam edən müharibə fonunda Çinin öz yüklərini Avropaya daşımaq üçün yeni alternativ dəhlizlərə daha çox maraq göstərməsi təəccüblü deyil. Çin Xalq Respublikasının Sədri Si Cinpin mayda Çin-Mərkəzi Asiya ölkələri liderlərinin sammitində çıxışı zamanı ölkəsinin Xəzər dənizi üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin qurulmasını dəstəklədiyini bildirmişdi.