Sovet hakimiyyəti dövründə vergilər

2023.10.14 12:00 (UTC+04:00)

1920-ci il aprelin 28-də Azərbaycanda sovet hakimiyyəti quruldu. Əhali yağışdan çıxıb yağmura düşdü, rus imperiyasını sovet imperiyası əvəzlədi.

Rus ordusu Bakını işğal etdiyi gündən onun bütün xərcləri xalqın üzərinə düşdu. Onsuz da taxıl çatışmırdı. Məsələn, 1920-ci ildə ölkədə taxıl çatışmazlığı 9 milyon pud idi. Buna baxmayaraq, ilk növbədə, əsgərlər çörəklə təmin olunurdu. Paltar və ayaqqabı tapmaq müşkül bir işə çevrilmişdi. Əhalı çılpaq və ayaqyalın idı. Hacı Zeynalabdin Tağıyevin fabriki parça ilə yalnız ordunu təchiz edə bilirdi. İstehsal olunan ayaqqabıların 75 faizi əsgərlərə verilirdi.

XI Qızıl Ordunun bir hissəsi Gürcüstana aparıldı. Orada sovet hakimiyyəti qurulduqdan bir ay sonra əsgərlərin yenidən Azərbaycana qaytarılması planlaşdırılırdı. Lakın Bakıda yaradılan yeni hökumət vəziyyətin ağırlığını görüb Moskvadan xahış etdi ki, heç olmazsa gedən ordu hissələri geri qaytarılmasın, N.Nərimanov, D.Bünyadzadə və A.Serebrovskinin imzası ilə Moskvaya göndərilən teleqramda yazılırdı:

"Azərbaycan kəndliləri və fəhlələri on ay ərzində XI Qızıl Ordunun yerləşdirilməsinin bütün ağırlığını çəkmişlər. Kəndlilər və fəhlələr pis qidalanırlar, pis geyinirlər və onların vəziyyəti ümidsizdir".

Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu məsələni müzakirə edib ordunun Gürcüstanda saxlanması və xaricdən taxıl gətirilməsinin sürətləndirilməsi qərarını verdi.

Moskvada 1917-ci ilin oktyabrında baş vermiş çevrilişdən sonra "hərbi kommunizm" adlandırılan siyasət yeridilirdi. Hər şey ordunun nəzarətində idi və əhalinin əlində nə vardısa, demək olar ki, hamısı alınırdı. İmperiyanın hər yerində aclıq hökm sürürdü. İqtisadiyyatın bərbad vəziyyətini görən mərkəzi hökumət 1921-ci ilin yazından başlayaraq ölkədə yeni iqtisadi siyasətə keçməyə başladı. İşğal olunmuş Azərbaycanda da bu siyasət nəticəsində ərzaq sapalağı ərzaq vergisi ilə əvəz olundu. Ərzaq vergisi ödənildikdən sonra qalan məhsul kəndlinin ixtiyarında qalırdı. Ona bu məhsulu satmağa da icazə verilirdi. Lakin Azərbaycan onsuz da taxıl ilə özünü təmin edə bilmədiyindən, ərzaq vergisi ləğv edildi. Neftə görə Rusiya Bakını çörəklə təmin etməyi öhdəsinə götürdü.

Lakin bu vergi güzəştinin ömrü az oldu. 1921-ci ilin mayında Azərbaycanın I Sovetlər qurultayı ərzaq vergisi əvəzinə "çanaq" adlanan könüllü natural rüsum tətbiq etmək barədə qərar verdi. Bu rüsum hər təsərrüfatdan 20 girvənkə taxıldan ibarət idi. Bir il sonra - 1922-ci ildə isə ərzaq vergisi yenidən bərpa olundu. Bu barədə dekreti 1922-ci ilin may ayının 3-də Azərbaycanın II Sovetlər qurultayı təsdiq etdi. Ukrayna və Rusiyanın taxıl əkilən rayonlarında həmin il quraqlıq baş vermişdi. Ümumi əhalisi 90 milyona qədər olan 40 quberniyada aclıq idi. Aclıq çəkənlərə yardım üçün Azərbaycan nəzərdə tutulmuş 1 milyon pud taxıl əvəzinə 2 milyon pud taxıl ödədi. Bu, respublikada yığılmış taxılın 6,74 faizini təşkil edirdi.

1930-cu ildən başlayaraq Sovet İttifaqında vergilərin əhəmiyyəti getdikcə azalmağa başladı. Sovet dövlətinin gəliri vergilər hesabına deyil, ümumi milli məhsulun birbaşa məcburi alınması hesabına formalaşırdı. Müəssisələr üçün iki növ vergi ödənişi - dövriyyə vergisi və mənfəətdən ayırmalar təyin edilmişdi. Fondlara normativ ayırmalar istisna olmaqla, sənaye və ticarət müəssisələrinin bütün mənfəəti büdcəyə keçirilirdi. Əhalidən tutulan vergilərin dövlət büdcəsində payı olduqca cüzi idi. Lakin 1941-45-ci illər müharibəsi dövründə vergilər artırıldı, çünki büdcədə vəsait çatışmırdı. Dilənçi kökündə yaşayan əhaliyə mövcud vergiləri daha yüksək dərəcə ilə ödətməklə yanaşı, iki yeni vergi növü də tətbiq edildi. Bunlar hərbi və subay, tək və azailəli vətəndaşlardan tutulan vergilər idi. 1946-cı ildə hərbi vergi ləğv olundu, çünki müharibə qələbə ilə başa çatmışdı. Digər verginin dərəcəsi isə azaldıldı.

Sonrakı illərdə əvvəlki siyasət daha geniş vüsət aldı. Artıq 1980-ci illərin ortalarında Sovet İttifaqının büdcəsinin gəlir hissəsinin 90 faizindən çoxu xalq təsərrüfatından daxil olan vəsaitlər hesabına formalaşırdı. Əhalidən tutulan vergilərin xüsusi çəkisi isə cəmi 7-8 faiz təşkil edirdi.

Büdcəyə daxil olan bu vəsaitin mənbəyi aşağıdakı vergi və yığımlar idi:

- gəlir vergisi (təqribən 12-13 faiz),

- subaylar, tək və azailəli vətəndaşlar üçün vergi (təqribən 6 faiz),

- kənd təsərrüfatı vergisi,

- tikintilərdən vergi,

- torpaq rentası,

- nəqliyyat vasitələri sahiblərindən yığım,

- dövlət rüsumu.

Bundan əlavə, bəzi respublikalarda kurort yığımı da nəzərdə tutulurdu.

Mənbə: Akif Musayev, Aslan Qəhrəmanov, “Vergi mədəniyyəti” kitabı