2019-cu ilin yanvar-aprel aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,6 faiz artaraq 7 milyard 521,1 milyon manata çatıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, büdcənin xərcləri 21 faiz artaraq 7 milyard 220,5 milyon manat təşkil edib. Büdcənin icrasında yaranan 300,6 milyon manatlıq profisit ümumi daxili məhsulun 1,3 faizinə bərabər olub.
Daxilolmaların 21,1 faizi əlavə dəyər vergisinin, 14,6 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisinin, 4,9 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilərin, 3,8 faizi aksizlərin, 3,6 faizi fiziki şəxslərin gəlir vergisinin, 1,7 faizi sadələşdirilmiş verginin, 2 faizi vergilərin digər növləriin, 48,3 faizi isə vergi olmayan gəlirlərin hesabına təmin edilib. İlk 4 ayda aksiz vergisi üzrə büdcə daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 54 faiz artaraq 283,2 milyon manata çatıb. 2018-ci ilin yanvar-aprel aylarında bu rəqəm 183,9 milyon manat olub.
Yanvar-aprel aylarında əlavə dəyər vergisinin həcmi 26 faiz artıb. Ötən ilin ilk 4 ayında bu vergi növü üzrə daxilolma 1 milyard 260,4 milyon manat olduğu halda, bu ilin eyni dövründə həmin məbləğ 1 milyard 591,1 milyon manata çatıb. Əmlak vergisi üzrə büdcə daxilolmalarında da 23 faiz artım müşahidə edilib. Xarici iqtisadi fəaliyyətlə bağlı vergilərin həcmi isə ötən eyni dövrü ilə müqayisədə bu il 14 faiz, digər daxilolmalar isə 10 faiz artıb.