Müasir nəzarət mexanizmləri biznes mühitində şəffaflığı artırır MƏQALƏ

2023.10.10 14:30 (UTC+04:00)

İqtisadi artımın təmin edilməsində vergi inzibatçılığının əhəmiyyətli rolu var. Şəffaf və dürüst uçot sisteminin əhatə dairəsi genişləndikcə büdcəyə vergi daxilolmaları da artır. Bu səbəbdən də vergi sistemində şəffaflığın bərqərar olması aktual məsələdir və qlobal vergi sistemləri üçün də müzakirə mövzusudur.

Vergi sistemində şəffaflıq nədir?

Vergi sistemində şəffaflıq anlayışına yanaşmalar fərqlidir. Adətən vergi sahəsində şəffaflıq dedikdə ödənilən verginin dürüst şəkildə paylaşdırılması, təyinatı üzrə bölüşdürülməsi və hesabatlılığın olması nəzərdə tutulur. Lakin bu şəffaflıq yalnız vəsaitin dövlət büdcəsinə daxil olması ilə məhdudlaşmır. Vergi sahəsində şəffaflıq vergi ödəyicilərinin vergi orqanları ilə münasibəti, dövlətin cəmiyyətə və biznes qurumlarına münasibəti və dövlət-özəl tərəfdaşlığında vasitəçilərin fəaliyyətinin dürüst olmasını əhatə edən geniş məfhumdur. Bu tendensiyaya təsir edən əsas 3 funksiya fərqləndirilir. Bunlardan birincisi rəqəmsallaşmadır ki, bu proses avtomatik məlumat mübadiləsinin həyata keçirilməsi üçün təsirli alətdir. Bu vasitə ilə vergi orqanları məlumatların təhlili və qiymətləndirmə məqsədləri üçün vergi ödəyicilərinin məlumatlarından istifadə edə bilərlər. Məlumatların əldə edilməsi vergi ödəyicilərinin fəaliyyətinin şəffaflaşmasına təsir edir. İkincisi, uzun müddətdir mövcud olan vergi sirri anlayışı ilə əhatə edilmiş bəzi məlumatların ictimai informasiya sayılmasıdır. Son illər araşdırmaçı jurnalistlər və qeyri-hökumət təşkilatları vergidən yayınma ilə mübarizənin effektivliyi ilə bağlı məlumatların açıqlanması üçün vergi administrasiyasına müraciət edib israrla açıqlamalar tələb edirlər. Bu da vergi sahəsində şəffaflığa müsbət təsir edən tendensiyalardan sayılır. Üçüncüsü isə vergi cinayətlərinə yol vermiş şəxslərin adlarının ictimaiyyətə açıqlanmasını ehtiva edən “adlandırma və çəkindirmə" metodlarının ("naming and shaming") tətbiqidir.

Vergi öhdəliklərinin icrası üçün 4-cü ən effektiv vasitə

Tədqiqatçıların araşdırmalarına əsasən, vergitutmanın təmin edilməsi, şəffaflığın bərqərar olması və nəzarət mexanizmlərinin təkmilləşdriilməsində sosial faktorların və ictimai fikrin əhəmiyyəti böyükdür. Vergi şəffaflığının təmin olunması üçün “adlandırma və çəkindirmə" metodu bir növ sosial sanksiya hesab edilir. Bu mexanizm vergi cinayətlərinin sübutlarını ictimaiyyətə açıqlamaqla digər vergi ödəyicilərini qanunsuz əməllərdən çəkindirməyə yönəlib. “Adlandırma və çəkindirmə" sosial rıçaqları təşviq etmək və qanun pozuntusuna yol verən biznes təmsilçilərinin adını bəyan etməklə vergi intizamını təmin edən vergi şəffaflığı prinsiplərindən biridir. 2015-ci ildən Braziliyada qüvvəyə minmiş bu üsul gözlənilən nəticələri verir. 2017-ci ildə OECD “adlandırma və çəkindirmə"nin vergi öhdəliklərinin icrası üçün 4-cü ən effektiv vasitə olduğunu açıqlayıb. Almaniyada vergi şəffaflığının və vergi intizamının artırılması sahəsində aparılmış tədqiqatın nəticəsinə görə, bu yanaşma vergi borclarının azalmasına əhəmiyyətli təsir göstərir. Norveç və Sloveniyanın təcrübələri göstərir ki, bu ölkələrdə “adlandırma və çəkindirmə” metodu vergi intizamının təmin edilməsinə və vergi daxilolmalarının artımına səbəb olub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində vergi cinayətləri ilə mübarizənin effektivliyinin artırılması məqsədilə beynəlxalq təcrübədə istifadə olunan "çəkindirmə" metodlarından ("naming and shaming") istifadə edilir. Vergi cinayəti törətmiş şəxslərin işləri barədə məlumatlar vaxtaşırı ictimaiyyətə açıqlanır. Bu sahədə əsas halların bir çoxu müxtəlif çoxsaylı hüquqi şəxslərin yaradılması, faktiki fəaliyyət göstərərək gəlirlər əldə edilməsi, bununla belə, vergi orqanlarına sahibkarlıq fəaliyyətindən əldə olunmuş gəlirlər və xərclər barədə bəyannamələrə bilərəkdən təhrif olunmuş məlumatların daxil edilməsi və pul vəsaitlərinin qanunsuz köçürülməsi fəaliyyətinin təşkili ilə bağlıdır.

Vergi öhdəliklərinin icrası üçün etimad vacibdir

Sahibkarlıq fəaliyyətindən əldə olunmuş gəlirlər və xərclərin uçotunun düzgün aparılması, gəlirlərin vergi orqanlarına olduğu kimi bəyan edilməsi, dövlət büdcəsinə vergilərin vaxtında və tam şəkildə ödənilməsi vergi ödəyicilərinin vəzifələridir və vergi münasibətlərinin şəffaflığını təmin edir. Vergi münasibətlərinin şəffaflığı məlumatların dürüstlüyünü ehtiva edir. Bu o deməkdir ki, vergi ödəyiciləri vergi orqanına düzgün məlumatları verir və vergi sistemi də mövcud informasiya resurslarına daxil olma imkanı yaradır, vergidən yayınma hallarını ictimaiyyətə bəyan edir. Vergi sisteminə etimadı artıran bu təşəbbüslər vergi öhdəliklərinin könüllü yerinə yetirilməsinə töhfə verir. Bütün bunları nəzərə alaraq, ölkəmizdə də vergi sisteminin müasir metodlarla qurulması, ona etimadın yüksəldilməsi və müasir çağırışlara uyğun olaraq təkmilləşdirilməsi daim diqqətdə saxlanılır.

Gülay NƏBİYEVA