Pərakəndə və ya topdansatış ticarətdə sənədləşmə məsələləri

2019.06.20 14:28 (UTC+04:00)

Sərbəst auditor Altay Cəfərov bildirib ki, təcrübədə həm pərakəndə, həm də topdansatış məntəqələrində külli miqdarda sənədlə alınmayan malların olduğunu görürük. Problem ondadır ki, sabah həmin mallar həm pərakəndə, həm də topdansatış məntəqələrində satılanda onların maya dəyəri formalaşmır: "Bəs bunun üçün nə etmək lazımdır? Malların alınması üçün müəyyənləşdirilmiş sənədlər var. Qaimə-faktura, elektron vergi hesab-fakturası və malların alışı zamanı təqdim edilməli digər sənədlər yoxdursa, həmin malların alış dəyəri formalaşmır. Malların alış dəyəri formalaşmırsa, külli miqdarda mənfəət əmələ gəlir. Satış zamanı bu malların əlavə dəyər vergisi əvəzləşdirilmir, buna görə də vergi ödəyicisinin vergi öhdəliyi daha da artır. Bu baxımdan, yaxşı olardı ki, mallar alınan zaman sənədləşdirilsin. Əvvəlki illərdə sənədləşməyən, alış sənədi olmayan, amma faktiki mövcud olan mallar nizamnamə kapitalına pay qoyuluşu ilə rəsmiləşdirilməlidir: "Mal varsa, bunun maya dəyəri də var, mənbəyi isə ikinci məsələdir. Elektron qaimə-faktura, elektron vergi hesab-fakturası yoxdursa, malların alış aktı ilə sənədləşmə aparılmalıdır. Malların alış aktı və nizamnamə kapitalına pay qoyuluşu ilə rəsmiləşdirilməsi mənfəət-gəlir vergisini də azaldacaq".

Auditorun sözlərinə görə, 2018-ci ildə yaranmış bu problemlər bu il aradan qaldırılmalıdır. Yox, əgər problem qalmaqda davam edərsə, bu, artıq vergi ödəyicilərinin problemidir.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI