Elman Sadıqov: “Azərbaycan 2030-cu ildən etibarən alternativ enerji üzrə önəmli ixracatçıya çevriləcək”

2023.10.09 18:00 (UTC+04:00)

Azəarbaycan Prezidentinin Gürcüstana səfəri və Gürcüstandakı bəyanatlar bir daha göstərir ki, ölkəmiz ciddi şəkildə postneft dövrünə hazırlaşır. Ölkəmizin əsas prioritetlərindən biri 2030-cu ilə qədər dünyada dəyişən enerji xəritəsində öz yerini tutmaqdır. Bu fikri “vergiler.az”a açıqlamasında iqtisadçı ekspert Elman Sadıqov səsləndirib. Onun sözlərinə görə, dünyanın mövcud enerji xəritəsində həm neft, həm qaz sahəsində Azərbaycanın önəmli yeri vardır: “Amma 2030-cu ildən etibarən, dünyada bu konyuktura alternativ enerjinin xeyrinə daha kəskin bir şəkildə dəyişəcək. Bu trendi biz hal-hazırda da görürük. 2030-35-ci illərdə artıq dünyada demək olar ki, alternativ enerji ənənəvi enerjinin rəqibinə çevriləcək və bütün dünya üzrə, xüsusilə, inkişaf etmiş ölkələr üzrə, onun istehlak payı demək olar ki, yarıbayarı olacaq. Bu tendensiya 2035-ci ildən etibarən daha da sürətlənəcək. Hazırda Azərbaycanın yürütdüyü siyasət alternativ enerji sahəsində yeni bir imic formalaşdırmaqdır”.

Xatırladaq ki, Prezident İlham Əliyev Gürcüstana səfəri çərçivəsində Tbilisidə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında bildirib ki, yaşıl enerji dəhlizi layihəsi həm bizim, həm də tərəfdaş ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək: “Energetika sahəsində ənənəvi sahələrdən başqa bu gün bizi birləşdirən yaşıl enerji dəhlizi layihəsidir. Burada da biz, Gürcüstan və Azərbaycan — iki qardaş ölkə Avropa ölkələri ilə sıx əməkdaşlıq edirik. Bu layihənin texniki-iqtisadi əsaslandırması yaxın aylarda hazır olacaq. Ondan sonra, əminəm ki, konkret işlərə start verə bilərik. Böyük sərmayə qoyuluşu nəzərdə tutulur. Beləliklə, yaşıl enerji dəhlizi, enerji kabeli inşa edilərək həm bizim, həm də tərəfdaş ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək”.

Ölkə başçısının bəyanatını şərh edən E.Sadıqov bildirib ki, bu gün Azərbaycan bütün dünyaya ona həm də alternativ enerji mənbəyi kimi baxılması mesajını verir: “Bu, çox önəmli bir məsələdir. Əgər Azərbaycan bu imici formalaşdıra və gələcəkdə Avropanın artmaqda olan enerji tələbatının qarşılanmasında rol oynasa, bu, neft və qazın tədricən alternativ enerji ilə müvəffəqiyyətli bir şəkildə əvəz olunmasına səbəb olacaq. Eyni zamanda Azərbaycanın neft və qazdan əldə etdiyi gəlirlər alternativ enerjidən gələn gəlirlərlə əvəzlənə biləcək. Avropanın özündə alternativ enerji istehsalı ilə bağlı imkanlar geniş deyil. Ona görə Avropa ciddi şəkildə elektrik enerjisinin idxalı haqqında düşünür”.

E.Sadıqovun fikrincə, əgər ölkəmiz il ərzində alternativ enerjidən istifadə hesabına qaz istehlakını 20 faiz azaltmış olsa, bu, təxminən 2,5 -3 milyard kubmetrə yaxın qaza qənaət deməkdir. Azərbaycan bu qazı ixrac edərək əlavə valyuta gəlirləri əldə edə bilər.