Tütün məmulatlarının istehsal dəyəri 24 faizdən çox artıb

2023.10.09 12:05 (UTC+04:00)

Bu ilin yanvar-avqust aylarında ölkənin tütün məmulatlarının istehsalı sahəsində 590,8 milyon manat dəyərində məhsullar istehsal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini 24,3 faiz və ya 115,5 milyon manat üstələyir.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin iyul ayı ilə müqayisədə avqustda istehsal dəyəri 1,1 faiz və ya 1 milyon manat azalıb. Avqust ayında 89,4 milyon manatlıq tütün məmulatları istehsal edilib.

Ümumilikdə cari ilin ilk 8 ayında ölkə üzrə 2,7 min hektar sahədə tütün əkilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 300 hektar və ya 12,5 faiz çoxdur. Hesabat dövründə əkin sahələrindən 2,1 min ton məhsul yığılıb.