Məqsəd daha əlverişli və hamı üçün eyni biznes mühiti yaratmaqdır

2018.12.19 15:11 (UTC+04:00)

Şəffaflıq birinci şərtdir

Vergilərlə bağlı hansı sahələrdə şəffaflaşmaya daha çox ehtiyac olması və Vergi Məcəlləsində edilmiş dəyişikliklərin sahibkar və dövlət maraqları baxımından izahı barədə sualı cavablandıran Sahib Ələkbərov bildirib ki, Vergilər Nazirliyi həyata keçirilən islahatlarda şəffaflaşmaya xüsusi önəm verir: "Vergiyə münasibətdə şəffaflaşmadan yalnız iki məsələ kənarda qala bilər: dövlət sirri və vergi sirri. Qalan bütün sahələrdə şəffaflaşma təmin olunmalıdır və bu, dövlət başçısının bizim qarşımızda qoyduğu ən əsas məsələlərdən biridir.

Vergi Məcəlləsinə dəyişikliklərə və bütövlükdə vergi sistemində həyata keçirilən islahatlara sahibkarların və vətəndaşların, eləcə də dövlətin maraqları baxımından yanaşılır. Xərc və əziyyət çəkib iş quran sahibkarın marağı mümkün qədər çox mənfəət əldə etməkdir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan vətəndaş da işləyir, zəhmət çəkir və çalışır ki, yüksək əməkhaqqı alsın. Bunlar tamamilə təbiidir. Amma hər kəs əldə etdiyi gəlirdən, aldığı əməkhaqqıdan dövlətə vergi ödəməlidir. Bu, hər bir vətəndaşın borcudur: Konstitusiyamızın 73-cü maddəsində də təsbit olunub ki, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur".

Əmək qabiliyyətli 4,5 milyon əhalinin 1,5 milyon nəfəri muzdlu işlə məşğuldur.
Bəs yerdə qalanlar?

Ən ciddi və həssas məsələlərdən biri dövlət maraqları ilə vətəndaş və sahibkarın maraqlarının uzlaşdırılmasıdır. "Dövlətin büdcəsinin gəlirlərinin böyük hissəsi vergi daxilolmaları hesabına formalaşır və bunun sayəsində də dövlət milli təhlükəsizliyin və asayişin təmin olunması, əhalinin rifah halının daha da yaxşılaşdırılması, təhsilin, səhiyyənin inkişafı və üzərinə düşən sair vəzifələrin icrası ilə bağlı xərclərini qarşılayır. Digər tərəfdən, dövlət vergiləri müəyyən edərkən vergi dərəcələrinin optimallığına xüsusi əhəmiyyət verir. Çünki vergi dərəcələrinin yüksək olması sahibkarın mənfəət əldə etmək və vergiləri ödəmək imkanlarını məhdudlaşdıra bilər. Vergi dərəcələri aşağı olanda isə, əksinə, dövlət büdcəsinin gəlirlərinin formalaşmasında çətinlik yarana bilər. Yəni bütün bunlar bir-biri ilə sıx bağlı olan məsələlərdir. Ona görə də Azərbaycan dövləti bu məsələni xüsusi həssaslıqla tənzimləməyə, elə bir vergi mexanizmi müəyyənləşdirməyə çalışır ki, sahibkarlar və vətəndaşlar dövlət tərəfindən müəyyən olunmuş vergiləri könüllü surətdə, heç bir çətinlik çəkmədən ödəyə bilmək iqtidarında olsunlar. Vergi orqanları da öz növbəsində ölkə başçısının tapşırıqlarına uyğun olaraq, daim vergi inzibatçılığını təkmilləşdirməyə, sahibkarlar üçün daha əlverişli biznes mühiti formalaşdırmağa, nəzarət tədbirlərinin sayını ildən-ilə azaltmağa çalışır. Təkcə onu qeyd etmək kifayətdir ki, bu ilin ilk on ayı ərzində səyyar vergi yoxlamalarının sayı təxminən üç dəfə azaldılıb, orta hesabla 300 vergi ödəyicisindən yalnız birində səyyar vergi yoxlaması aparılıb. Məqsəd sahibkarların sərbəst fəaliyyət göstərməsi üçün münbit şərait yaratmaqdır"...

500 mindən çox vətəndaş əməkhaqqından tutulan gəlir vergisi ilə bağlı güzəştdən faydalanacaq

Sahib Ələkbərov daha bir mühüm məsələni - əməkhaqqıdan tutulan gəlir vergisi ilə bağlı islahatların mahiyyətini də şərh edib. Edilən dəyişikliyin sahibkarlar və vətəndaşlar üçün çoxlu faydalar verəcəyini vurğulayan nazir müavini bildirib ki, bu mövzunun daha çox müzakirə olunması təbiidir, çünki hamının maraqları ilə səsləşir: "Vergi Məcəlləsinə edilən dəyişikliklərlə ilk dəfə olaraq vergidən azad olunan əməkhaqqının məbləği 8.000 manata qədər artırılıb. Dövlət və neft-qaz sektorunda çalışanlar istisna olmaqla, yalnız qeyri-dövlət sektorunda çalışan 500 mindən çox adam bu vergi güzəştlərindən faydalana biləcək və yeddi il onlar əməkhaqqıdan gəlir vergisi ödəməyəcəklər. 2019-cu ilin büdcəsində gəlir vergisi üzrə daxilolmaların 316 milyon manat azaldılması nəzərdə tutulub. Bütövlükdə planlı şəkildə dövlət büdcəsinə vergi daxilolmalarında azalma təxminən 400 milyon manata yaxındır. Bu isə o deməkdir ki, həmin vəsaitlər sahibkarların və vətəndaşların sərəncamında qalacaq...

Bu güzəştin yalnız qeyri-neft-qaz, özəl sektora aid olmasını, mediada bəzən məsələnin mahiyyətinə varmadan, diskriminasiya kimi dəyərləndirənlər də olur. Məsələni belə qoyurlar ki, bu dəyişiklik niyə neft-qaz sahəsində və ya dövlət qulluğunda çalışanlara şamil olunmur? Əslində, məsələyə bu cür yanaşmaq düzgün deyil. Əgər bu dəyişiklik hamıya şamil edilsəydi, onun adı güzəşt deyil, sadəcə, vergi dərəcəsinin azaldılması olardı. Amma bu, güzəştdir, güzəşt isə yalnız müəyyən müddətə və müəyyən sahələrə tətbiq edilir və bu, bütün dünyada belədir. Güzəştin məqsədi odur ki, tətbiq olunduğu problemli sahələrdə müsbət dəyişikliklər üçün şərait yaratsın. Digər tərəfdən, hər bir güzəştin müəyyən maliyyə tutumu var və bu gün büdcəmiz belə bir maliyyə imkanına malik deyil ki, bu dəyişikliklər hamıya şamil edilsin.

Bizim əmək bazarında çox ciddi problemlər var, əmək qabiliyyətli əhalinin sayı təxminən 4,5 milyon nəfərdir və bunun 1,5 milyon nəfəri muzdlu işlə məşğuldur. Bəs yerdə qalanlar? Əlbəttə, onların da böyük bir qismi işləyir və müəyyən məbləğdə gəlir əldə edir. Lakin onlar əmək bazarında rəsmi qeydiyyatda olmayan işçi kimi iştirak edirlər. Təbii ki, belə hallar iqtisadiyyatda ciddi problemlər yaradır".

Sahib Ələkbərov problemin sağlam rəqabət mühitinə mənfi təsir göstərdiyini vurğulayıb: "Təsəvvür edin ki, bir sahibkar fəaliyyətini normal qaydada qurur, şəffaf şəkildə işləyir və qanunun tələblərinə tam əməl edir. Digər sahibkar isə qanuna əməl etmir, işə götürdüyü şəxslərlə əmək müqaviləsi bağlamamaqla həm onların gələcəkdə pensiya təminatı və digər məsələlərlə bağlı hüquqlarını pozur, həm də vergidən yayınır və başqa sahibkarlara nisbətən müəyyən üstünlüklər əldə etmiş olur. Belə bir şəraitdə sağlam rəqabətdən söhbət gedə bilərmi? Ona görə də bu gün dövlət vergi orqanı qarşısında vəzifə qoyur ki, qanunun tələblərinə əməl edən və şəffaf işləyən sahibkarın yanında olsun, ona kömək etsin. Şəffaf fəaliyyət göstərmək istəməyənlər və vergidən yayınanlar isə gec-tez öz qarşısında vergi müfəttişini görməlidir! Məcəlləyə dəyişikliklərdə qanunsuz fəaliyyətlərin qarşısını almaq üçün inzibati cəza mexanizmləri və sanksiyalar da sərtləşdirilib. Lakin bu sanksiyaların qanunlara əməl edən sahibkarlara heç bir aidiyyəti yoxdur və intizamlı vergi ödəyicisi bundan narahat olmamalıdır. Dövlətin qoyduğu qanunları pozan, qanunsuz yollarla öz həmkarlarını çətin vəziyyətə salmağa çalışan hər kəs isə qanunun gücünü öz üzərində hiss etməlidir.

Dövlət və neft-qaz sektorunda çalışanlar istisna olmaqla,
yalnız qeyri-dövlət sektorunda çalışan təxminən 500 mindən çox adam
əməkhaqqından gəlir vergisi ilə bağlı güzəştdən faydalana biləcək

Onu da xüsusi olaraq vurğulamaq lazımdır ki, Məcəlləyə belə bir maddə də əlavə olunub ki, Vergi Məcəlləsində bu il edilən dəyişikliklərlə bağlı hər hansı qanun pozuntusu aşkarlanarsa, birinci dəfə həmin vergi ödəyicisinə qarşı sanksiya tətbiq oluna bilməz. İlk dəfə belə sahibkarlara yalnız yazılı şəkildə xəbərdalıq ediləcək. İkinci və sonrakı dəfələrdə isə qanun pozuntusuna yol verənlərə qarşı sanksiyalar tətbiq olunacaq".

Güzəştlərdən sui-istifadə yolverilməzdir!

Sahib Ələkbərov gələn ilin əvvəlindən tətbiqinə başlanacaq daha bir ciddi islahat - sadələşdirilmiş vergi dərəcələrinin aşağı salınması, bu vergi növünün əhatə dairəsinin məhdudlaşdırılması, habelə ƏDV-yə cəlb edilən dövriyyənin tədricən genişlənməsi məsələsinə də aydınlıq gətirib. Qeyd edilib ki, sadələşdirilmiş vergi tətbiq olunarkən onun sahibkarlar üçün daha rahat iş şəraiti yaratmaqla yanaşı, normal vergi uçotunun formalaşdırılmasına da şərait yaradacağına ümid edilirdi və ilk dövrlərdə həqiqətən də belə olmuşdu. "Lakin son vaxtlar nə müşahidə olunur? Hazırda ölkə üzrə qeydiyyatda olan vergi ödəyicilərinin 90 faizindən çoxu sadələşdirilmiş vergi ödəyiciləridir. Vergi daxilolmalarında bu verginin xüsusi çəkisi isə 5 faizdən bir az çoxdur. Halbuki bir çox ölkələrdə bu göstərici 40 faiz civarındadır.

Son vaxtlar bəzi sahibkarlar sadələşdirilmiş vergidən bir vergidən yayınma sxemi kimi istifadə etməyə cəhd göstərməyə başlayıblar. Bir sıra böyük müəssisələr öz biznesini ayrı-ayrı xırda hissələrə "parçalayaraq" sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərir, digər vergiləri ödəməkdən yayınırlar. Üstəlik, onlar sadələşdirilmiş vergini 2 faizlə ödəmək üçün Bakıda fəaliyyət göstərsələr də, öz bizneslərini regionlarda qeydiyyatdan keçirirlər və bununla da vergi uçotu üçün ciddi problemlər yaradırlar. Bütün bunların qarşısının alınması məqsədilə Vergi Məcəlləsində zəruri dəyişikliklər edilib".

Qeyd edilib ki, sadələşdirilmiş vergi ləğv olunmayacaq. Lakin bəzi sahələr var ki, həmin fəaliyyət istiqamətləri üzrə iş qurmuş sahibkarlar sadələşdirilmiş vergi ödəyicisi ola bilməyəcəklər: "Məsələn, indiyədək dövriyyəsi kifayət qədər böyük olan bəzi sahibkarlar dövlətdən lisenziya aldığı halda, sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərirdilər. Amma gələn ildən bu, belə olmayacaq. Məlum olduğu kimi, yalnız xüsusi nəzarət tələb edən sahələrə lisenziya verilir və bu lisenziyaların sayı çox azdır. Topdansatış ticarətlə, eləcə də qızıl məmulatlarının, xəz-dəri məhsullarının satışı və bəzi digər fəaliyyət növləri ilə məşğul olan sahibkarlar da sadələşdirilmiş vergi ödəyicisi ola bilməyəcəklər".

"Biz illərlə oturub gözləyə bilmərik"

Nağd hesablaşmaların səviyyəsinin azaldılması, nağdsız dövriyyənin stimullaşdırılması istiqamətində həyata keçirilən islahatlarla bağlı sualı cavablandıran Sahib Ələkbərov bu sahədə də ciddi problemlər olduğunu bildirib: "Şəffaflaşmaya ən çox mane olan və əngəl törədən amillərdən biri nağdsız ödənişlərin səviyyəsinin həddindən artıq aşağı olmasıdır. Azərbaycan vətəndaşları xaricə gedərkən orada nağdsız qaydada, yəni kart vasitəsilə həyata keçirdikləri ödənişləri öz ölkəmizdə etmirlər. Bunun bir səbəbi ticarət və iaşə obyektlərində POS-terminalların tətbiqində problemlərin olması ilə bağlıdırsa, digər səbəbi də alıcıların öz haqlarını tələb etməməsi, köhnə vərdişlərə, kartlardan istifadəyə deyil, nağd pulla ödəniş etməyə üstünlük vermələridir. Azərbaycanda nağdsız ödənişlərin səviyyəsini qaldırmaq üçün bu sahədə ciddi dönüş yaradılmalıdır. Çünki dövriyyədəki məbləğlər çox böyükdür və bu, "kölgə iqtisadiyyatı"nın çiçəklənməsi üçün şərait yaradan amillərdən biridir".

Sanksiyaların qanunlara əməl edən sahibkarlara heç bir aidiyyəti yoxdur və
intizamlı vergi ödəyicisi bundan narahatlıq hissi keçirməməlidir

2016-cı ildə Azərbaycanda "Nağdsız hesablaşmalar haqqında" Qanunun qəbul olunduğu, nağdsız ödənişlərin inkişafı üçün lazımi hüquqi baza yaradıldığı xatırladılaraq vurğulanıb ki, Məcəlləyə edilmiş yeni dəyişikliklərdə bu sahədə ciddi stimullaşdırıcı tədbirlər nəzərdə tutulub: "Ümumi mövqe bundan ibarətdir ki, nağdsız hesablaşmadan həm alıcı, həm də satıcı - yəni sahibkar faydalana bilsin. Məsələn, ödəniş nağdsız qaydada, POS-terminal vasitəsilə aparıldıqda ƏDV-nin 15 faizi alıcıya qaytarılacaq. Ödəniş nağd şəkildə aparıldıqda isə alıcıya nəzarət-kassa aparatı vasitəsilə həyata keçirilən hesablaşma çeki əsasında ƏDV-nin 10 faizi qaytarılacaq.

Sahibkara gəldikdə isə, onun ümumi dövriyyəsindəki nağdsız hesablaşmaların xüsusi çəkisi müəyyənləşdiriləcək və həmin məbləğə 25 faiz güzəşt tətbiq olunacaq. Dövlət bunu ona görə edir ki, həm sahibkar-satıcı, həm də istehlakçı-alıcı nağd hesablaşmada maraqlı olmasın. Amma bu işə əngəl olan məsələlərdən biri də oturuşmuş vərdişlərdir ki, onlardan da imtina etməyin vaxtı çoxdan çatıb"...

Sahib Ələkbərov müsahibənin sonunda diqqəti Azərbaycanın fəal vergi sisteminin tarixinin çox cavan olmasına yönəldib: "Biz bu gün özümüzü vergi sisteminin yüz illərlə tarixi olan ölkələrlə müqayisə edə bilmərik. Lakin oturub illərlə gözləyə də bilmərik. Ona görə də həm qanunvericilik, həm də inzibatçılıq təkmilləşdirilir, dövlət büdcəsi üçün bəzi maddi itkilər hesabına başa gəlsə belə, geniş stimullaşdırıcı tədbirlərdən istifadə olunur. Nəticə etibarilə bundan bizim iqtisadiyyatımız və vətəndaşlarımız udacaqlar".

Hazırladı:
Elxan SALAHOV