Ölkəmizin iqtisadi inkişafının sürətlənməsi azad rəqabət siyasətinin tətbiqindən asılıdır

2023.10.05 13:11 (UTC+04:00)

Daxili bazarda effektiv rəqabətin olması şirkətləri daha da böyümək üçün innovasiyaları tətbiq etməyə, xarici bazarlara yol axtarmağa sövq edir. Əksinə, rəqabətin qarşısında süni maneələrin olması yalnız bir qrup sahibkarın maraqlarına xidmət edir, digərlərini isə bazarda təmsil olunmaq imkanlarından məhrum edir, istehlakçıların isə məsrəflərini artırır. Eyni zamanda, proteksionist tədbirlərlə əhatə olunmuş sahibkarlarda innovasiyaları tətbiq etməyə və məhsuldarlığın artırılmasına marağı azaldır.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin oktyabrın 5-də keçirilən iclasında deyib.

Nazir qeyd edib ki, hər bir ölkənin iqtisadi inkişafını müəyyən edən iqtisadi siyasət strategiyası müxtəlif tarixi mərhələlərdə tətbiq edilən prioritetlərə uyğun olaraq təkamül edib. Hesab edirik ki, indiki mərhələdə ölkəmizin iqtisadi inkişafının sürətlənməsi və biznes mühitinin səmərəliliyinin artırılması azad rəqabət siyasətinin tətbiqindən asılıdır. “Dövlətimizin gələcək onillik inkişaf istiqamətlərinin əsasını təşkil edən proqram xarakterli sənədlər də bunu təsdiq edir. İqtisadi subyektlərin sağlam rəqabət şəraitində fəaliyyət göstərmələri üçün hüquqi çərçivə müəyyən edilməlidir və Rəqabət Məcəlləsinin qəbulu məhz bununla bağlıdır”, - deyə o əlavə edib. (AZƏRTAC)