Laçın şəhərinin daxili yollarının bərpası layihəsi sürətlə və keyfiyyətlə icra olunur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, uzunluğu təqribən 70 km təşkil edən Laçın şəhərinin daxili yollarının yenidən qurulması mərkəzi küçələrin və məhəllədaxili yolların bərpasından ibarətdir. Küçə və məhəllədaxili yolların eni 4-11 metr arasında dəyişir.
Layihə çərçivəsində yararsız örtük sökülür, zəruri olan yerlərsə yararsız qrunt qazılaraq çıxarılır, ardınca yararlı materiallardan istifadə olunmaqla əks dolğu işləri icra olunur, yeni yol yatağı və yol əsası inşa edilir. Yol əsası hazır olan hissələrə isə lazımi qalınlıqda yeni asfalt-beton örtüyü döşənir. Artıq bir çox küçə və yollarda sadalanan işlər yekunlaşıb.
Yenidənqurma işlərinin yaxın müddət ərzində yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.