Qazaxıstan Nəqliyyat Həftəsi çərçivəsində Astanada XXVI Beynəlxalq Nəqliyyat və Logistika Sərgisi və VI Beynəlxalq Nəqliyyat və Logistika Biznes Forumu – “New Silk Way” işinə başlayıb.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, genişmiqyaslı tədbirdə iştirak etmək üçün 25 ölkədən (Azərbaycan, Belarus, Bolqarıstan, Almaniya, İran, İtaliya, Çin, Qırğızıstan, Litva, Latviya, Polşa, Rusiya Federasiyası, Tacikistan, Türkmənistan, Türkiyə, Özbəkistan, Finlandiya, Estoniya və s.) nümayəndələr, nazirliklərin və beynəlxalq təşkilatların rəhbərləri gəlib.
Sərgi və forum Avrasiya qitəsinin nəqliyyat-kommunikasiya kompleksinin inkişaf perspektivlərinə həsr olunub.
Sərgi və forumda çoxşaxəli işgüzar ünsiyyət nəqliyyat sənayesinin inkişafında mövcud problemləri konstruktiv şəkildə müzakirə etməyə və müasir iqtisadi şəraitdə gələcək səmərəli inkişafın yollarını müəyyən etməyə imkan verəcək. Qazaxıstan Nəqliyyat Həftəsi çərçivəsində “New Silk Way” VI Beynəlxalq Nəqliyyat və Logistika biznes-forumu, “Qazaxıstanda anbar logistikası bazarı”, “Xəzər dənizində limanların, terminalların və gəmiçiliyin inkişafı” və “Nəqliyyat və logistika bazarı” konfransları keçiriləcək.
Forumda nəqliyyat sistemlərinin əməkdaşlığı və inteqrasiyası, Orta Dəhliz marşrutunun inkişafı, həmçinin multimodal daşımalar sahəsində yeni texnologiyalar, yükdaşımaların səmərəliliyinin artırılması və çatdırılma şəraitinin yaxşılaşdırılması məsələləri müzakirə olunacaq.
İşgüzar proqramla yanaşı, sahə nazirliklərinin, idarələrinin, assosiasiyalarının və beynəlxalq şirkətlərin rəhbərliyinin iştirakı ilə ikitərəfli görüşlərin və danışıqların keçirilməsi nəzərdə tutulur.