Türk dövlətləri arasında ümumi aqrar sığorta sistemi qurulacaq

2023.10.04 09:20 (UTC+04:00)

Türk dövlətləri arasında ümumi aqrar sığorta sisteminin qurulması məsələsi müzakirə edilir.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, bu barədə Türkiyənin Kənd Təsərrüfatı Sığortası Hovuzu (TARSİM) təşkilatının İdarə Heyətinin sədri Osman Yıldız Azərbaycan Aqrar Sığorta Fondunun (ASF) İdarə Heyətinin sədri Fuad Sadıqovla keçirilən görüşdə deyib.

Onun sözlərinə görə, artıq digər ölkələrdə aqrar sığorta mexanizminin tətbiqində Azərbaycan təcrübəsindən istifadə etmək mümkün olacaq.

Öz növbəsində ASF-in rəhbəri F.Sadıqov Fond tərəfindən ölkə üzrə 420 min hektardan çox əkin sahəsinin sığortalandığını bildirib ki, bu da bütün əkin sahələrinin 25 faizini təşkil edir.

2022-ci ildə ASF tərəfindən 2,4 milyon manat sığorta ödənişinin həyata keçirildiyini xatırladan Fond sədri 2023-cü ildə baş verən sığorta hadisələrinin sayının kəskin artdığını və buna uyğun olaraq sığorta ödənişlərinin məbləğinin yüksələcəyini bildirib. O, həmçinin, qarşıdakı dövrdə aqrar sığortaya yeni risklərin, o cümlədən quraqlıq risklərinin əlavə edilməsi ilə bağlı ilkin müzakirələrin və hesablamaların aparıldığını vurğulayıb.