Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasına dair planlar açıqlanıb

2023.10.02 17:02 (UTC+04:00)

Azərbaycan Respublikası Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı əməli fəaliyyətə başlayıb.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası bir neçə sahə üzrə reinteqrasiyaya dair planları açıqlayıb.

İqtisadi sahə üzrə planlara əsasən, sakinlərin yaşadıqları ərazilərin fiziki və sosial infrastruktur təminatı (təhsil, səhiyyə, enerji, qaz, su, yol, rabitə, meliorasiya və s.) müəyyən müddət ərzində ölkə üzrə orta göstəricilər səviyyəsinə çatdırılır.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə tətbiq edilən xüsusi iqtisadi rejim ilə bağlı təşviq paketi, o cümlədən vergi və gömrük güzəştləri sakinlərin yaşadıqları ərazilərə şamil olunur.

Azərbaycan Respublikasının milli valyutasının tam tədavülə keçməsi təmin edilir.

Sakinlərin yaşadıqları ərazilərdə sahibkarlıq fəaliyyəti üçün dəstək tədbirləri həyata keçirilir. Ölkədə sahibkarlıq subyektlərinin maliyyəyə çıxış imkanlarının artırılması ilə bağlı tətbiq olunan güzəştli kreditlər, faizlərin subsidiyalaşdırılması, kreditlərə zəmanətin verilməsi və digər maliyyə alətləri sakinlərin yaşadıqları ərazilərə şamil olunur.

Fermerlərə subsidiyalar verilir və onlar torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edilir.

Mülkiyyət məsələləri Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tənzimlənir.

Sosial sahə üzrə planlara görə isə sakinlər ölkə üzrə əməyin ödənişi və sosial ödənişlər sistemi ilə əhatə olunur.

Sakinlərə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sosial sahədə tətbiq olunan güzəştlər, sosial xidmətlər və məşğulluq proqramları şamil edilir.

Sakinlər səyyar xidmətlərdən (Səyyar ASAN və Səyyar DOST) faydalanırlar.