“Orta dəhliz” marşrutu ilə yükdaşımalar 85,3 faiz artıb

2023.09.29 17:42 (UTC+04:00)

Aktauda “TBNM 2023: rəqəmsallaşma dövründə innovasiya və inkişaf” adlı biznes-forum keçirilib.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı “Qazaxıstan Dəmir Yolları” SC-yə istinadən xəbər verir ki, forumda 10 ölkənin nümayəndəsi iştirak edib. Onlar mövcud bazar çağırışlarını, investisiya əməkdaşlığı məsələlərini, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsini müzakirə ediblər.

Forumda qeyd olunub ki, 2023-cü ilin yanvar-avqust aylarında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) marşrutu üzrə yükdaşımaların dinamikası ötən ilin müvafiq dövrü ilə müqayisədə 85,3 faiz artaraq 1,7 milyon tondan çox olub. Bu il TBNM 10 illiyini qeyd edir.

Qeyd edək ki, “Orta dəhliz” kimi də tanınan TBNM Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Qara dənizdən keçərək Avropaya qədər uzanır. TBNM Assosiasiyasına 8 ölkədən dəmir yolu administrasiyaları, limanlar, gəmiçilik və s. olmaqla 20 şirkət daxildir.