2023-cü ilin yanvar-avqust ayları ərzində fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara və göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin 99,7 milyon manatı geri qaytarılıb. Qaytarılmış vəsaitin 70,3 faizi nağdsız, 29,7 faizi isə nağd qaydada alınmış mallara görə ödənilmiş ƏDV məbləğidir.
Bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün “edvgerial.az” portalında 2,4 milyona yaxın istifadəçi qeydə alınıb. “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2023-ci ilin 1 sentyabr tarixinədək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 1 milyarddan çox kassa çeki üzrə 461,2 milyon manat ƏDV məbləği geri qaytarılıb.
İndiyədək Dövlət Vergi Xidməti tərəfindən ölkə ərazisində 93 min ədəd yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb. Bu tip aparatlardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2023-cü ilin yanvar-avqust ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 14,3 milyard manatdan çox olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz çoxdur.