Qarabağ və Şərqi Zəngəzurda geoloji tədqiqatlar genişləndiriləcək

2023.09.29 12:00 (UTC+04:00)

“AzerGold” QSC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib. Şuranın sədri Mətin Eynullayevin sədrliyi ilə videobağlantı formatında keçirilən iclasda QSC-nin hasilat və ixrac hədəfləri, inkişaf strategiyası, mənfəətliyinin artırılması, xarici ölkələrə genişlənmə siyasəti və digər mövzular ətrafında müzakirələr aparılıb.

“AzerGold”dan verilən məlumata görə, iclasda Qarabağ və Şərqi Zəngəzurda əlvan metal filizi yataqları ilə bağlı geoloji tədqiqatların genişləndirilməsi, Orta Asiya və digər ölkələrdə birgə mədən layihələrin icrası ilə bağlı məsələlərdən danışılıb.

Bundan başqa, İqtisadiyyat Nazirliyi tərəfindən daxili zərgərlik bazarının inkişafı, şəffaflaşdırılması istiqamətində tədbirlərə “AzerGold”un verdiyi töhfələr qeyd edilib, bu istiqamətdə icrası nəzərdə tutulan əlavə tədbirlərdən söz açılıb. Eyni zamanda QSC-nin yerli pərakəndə satış bazarına təqdim etdiyi qızıl sikkə və külçələrin satışı ilə bağlı yeni qiymət siyasəti, yeni növ qızıl məhsulların müasir texnologiyalar əsasında istehsalı imkanları müzakirə olunub.

İclasda Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə Səhmdar Cəmiyyət tərəfindən cari il ərzində görülən işlər, həyata keçirilən tədbirlər nəzərdən keçirilib, yuxarıda qeyd olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.