Səfəvi qanunlarına görə vergilər və rüsumlar

2023.09.30 10:30 (UTC+04:00)

Şah İsmayıl Xətainin yaratdığı Səfəvilər dövlətində vergilər və rüsumlar barədə əvvəllər verilən qanunlar qüvvədə idi və bu qanunların bəziləri sonradan da cüzi dəyişikliklərlə tətbiq edilirdi. Həmin dövrdə əsas vergilər torpaq vergiləri olduğundan, torpaqların kimin olmasından bilavasitə asılı idi. Torpaq mülkiyyətinin növlərini göstərək:

- Dövlət torpaqları - bu torpaqlar əraziyi-divani, yəni divana aid ərazi adlanırdı.

- Şah ailəsinin torpaqları - bu torpaqlar əraziyi-xassə, yaxud da ehtiram əlaməti olaraq, əraziyi-xasseyi-şərifə adlanırdı.

- Şərti verilmiş torpaqlar - soyurqal, tiyul və s. adlanan bu torpaqlar hərbi və mülki vəzifəli şəxslərə müvəqqəti və ya həmişəlik verilirdi.

- Xüsusi mülkiyyət torpaqları - belə torpaqlar adətən mülk adlanırdı və nəsildən nəsilə keçirdi.

- Məscidlərə məxsus torpaqlar - vəqf və ya moqufat adlanan bu torpaqlar din xadimlərinin ixtiyarında idi.

- İcma torpaqları - bu torpaqlar müəyyən yaşayış məntəqəsinin ümumi istifadəsinə verilmişdi.

Torpaq vergisi olan üşr əvvəllər məhsulun onda biri kimi nəzərdə tutulurdusa, sonralar torpağı münbit olan ərazilərdə, xüsusilə də Azərbaycanın aran zonasında məhsulun dörddə biri ödənilirdi. Natural formada olan bu vergi torpaq sahibinə verilirdi. Bundan əlavə, məhsulun on beşdə biri bəhrə və ya malcəhət adlanan vergi kimi alınırdı. Səfəvilər dövründə bəhrə, bir qayda olaraq, su arxının sahibinə çatırdı.

Maldarlıqla məşğul olanlar çobanbəyi vergisi ödəyirdilər.

Bu əsas vergilərdən əlavə, adambaşına alınan vergi (sər-şumare), qeyri-müsəlmanlardan alınan cizyə, qoşunları saxlamaq üçün ulufa, sursat, əsbeçapar, dövlət məmurlarının xeyrinə toplanan rüsumat, pişkeş, torpaqbasdı (rahdari) və s. vergilər yığılırdı. Bunlardan başqa, hərbi qulluq mükəlləfiyyəti olan çərik, dövlət və feodallar üçün görülən biyar və əvrəz mükəlləfiyyətləri tətbiq edilirdi.

Ümumiyyətlə, həmin dövrdə vergi və mükəlləfiyyətlərin sayı 30-dan çox idi. Səfəvi hökmdarı I Şah Hüseynin dövründə 1699-cu və 1702-ci illər arasında əhalı siyahıya alınmış və vergilər əvvəlki illərə nisbətən xeyli artırılmışdı.

Sonralar Səfəvi qanunları müxtəlif əyalətlərdə də öz gücünü saxlayıb. Məsələn, Gəncə-Qarabağ əyalətinin və Naxçıvan sancağının 1725-1727-ci illər ərzində tərtib olunan və indiyə qədər qorunub saxlanılan müfəssəl dəftərlərində həmin ərazilərdə vergi və rüsumların yığılma qaydaları göstərilib. Bu qaydaların Səfəvilər dövrünün qanunları əsasında hazırlanan qaydalar olduğu göstərilir.

"Gəncə-Qarabağ əyalətinin qanunu" adlanan məlumatdan kiçik bir parçaya diqqət yetirək:

"Əcəm (Səfəvilər) dövründə Aran ərazisində dörddə bir üşr və bundan əlavə on beşdə bir bəhrə almaq qayda imiş. Əcəm istilahında bəhrənin mahiyyəti bu imiş: Hər kəndə axan su arxının bir sahibi olarmış, sudan istifadə edən şəxs sahibi-ərzə (yəni torpaq sahibinə) dörddə bir üşr verdikdən sonra arx sahibinə də on beşdə bir bəhrə verərmiş. Hal-hazırda bəhrə yenə də həmin qayda ilə alınır. Dağ yerlərində olan əkin yerləri Aranla müqayisədə daha az məhsul verdiyi üçün Əcəm (Səfəvilər) dövründə buralar onda bir üşr və on beşdə bir bəhrə verirlərmiş. Bu da əvvəlki qayda ilə alınır".

Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftərində göstərildiyinə görə, düyünün dəvə yükündən on dörd para, at yükündən səkkiz para, eşşək yükündən üç para qapan rüsumu alınırdı. O dövrdə para ən çox işlənən pul vahidi idi və iyirmi para "abbası", qırx para isə "quruş" adlanırdı.

Kərə yağı və balın dəvə yükündən uç abbası, at yükündən bir abbası yarım, eşşək yükündən 10 para qapan rüsumu alınırdı. Taxıl məhsulları üçün rüsum xeyli az nəzərdə tutulurdu. Buğda, arpa və darının dəvə yükündən 5 para, at yükündən 3 para yarım, eşşək yükündən bir para yarım qapan rüsumu ödənilirdi.

Qarpız yükündən bır qarpız, qovun yükündən bir qovun "subaşılıq” alınırdı. Həmin dəftərdə yüklərdən əlavə olaraq "xudamiyyə" adlanan gömruk rusumunun da ödənildiyi göstərilir. Qaydalara görə, ipək üçün "mizani-hərir” vergisi aşağıdakı kimi tutulurdu:

- Hər gün tərəzidə çəkilən ipək dörd batmandan (batman təqribən 7,7 kq olan çəki vahididir) əskik olarsa, müştəridən hər batman üçün 12 para alınırdı;

- İpək dörd batmandan çox olarsa, hər batman üçün 16 para verilməliydi.

Tacirin satın aldığı ipək "divani-həmlə" deyilən 32 batmana bərabər olarsa, yük başına 22 quruş (yəni 880 para) alınırdı. Deməli, "divanı-həmlə" qədər ipəyin hər batmanının vergisi 27 para yarım olurdu və bu zaman əvvəlki çəkilərdə "xərci-mizan" adı ilə verilən 12 və yaxud 16 para hesaba daxil edilmirdi. Əgər ipək 32 batmana çatmazsa və 1-2 batman əskikdirsə, onda yük başına əvvəlki halda olduğu kimi 22 quruş deyil, hər batman üçün 32 para alınırdı.

Yuxarıda göstərilən verginin dərəcəsini təsəvvür etmək üçün ipəyin hər batmanının satış qiymətini bilmək lazımdır. Həmin dövrdə, yəni XVIII əsrin əvvəllərində Gəncənin qalın ipək növü olan "kənar" 8 quruşdan 12 quruşa, incə ipək növü olan "şərbaf" 18 quruşdan 28 quruşa qədər qiymətə satılardı.

Məsələn, fərz edək ki, "kənar" növündən 30 batman ipəyin hər batmanı 10 quruşa satılır. Onda tacir ipək üçün 200 quruş ödəməlidir. Əgər bu qədər yük 6 dəfəyə çəkilibsə və hər dəfə çəki 4 batmandan yuxarı olubsa, onda ilkin hesablanmış vergi 480 para, yəni 12 quruş olacaq. "Divani-həmlə" çəkisinə çatmayan ümumi yükdən isə hər batman üçün 32 para, yəni cəmisi 24 quruş vergi alınmalı idi. Beləliklə, verginin ümumi məbləği 36 quruş olur. Göründüyü kimi, vergi dərəcəsi 12 faizdir.

Müfəssəl dəftərdə Gəncə şəhərinin müqatiələri də sadalanır. Bunlardan ən böyüyü Gəncə və ona tabe olan yerlərdə fəaliyyət göstərən "Mizani-hərir" müqatitəsidir. Bu müqatiə iltizam üsulu ilə ildə 4.020.000 ağça ödəyirdi.

Qeyd edək ki, ağça dedikdə 1328-1687-ci illərdə Osmanlı imperiyasında dövriyyədə olan gümüş pul başa düşülür. 1687-ci ildə ağça əvəzinə 120 ağça dəyərində olan quruş dövriyyəyə buraxılib və həmin ildən başlayaraq maliyyə işlərində ağça sadəcə olaraq hesablama vahidi kimi istifadə edilirdi. Bu izahatdan aydın olur ki, "Mizani-hərir" müqatiəsi dövlətə ildə 33.500 quruş ödəyir və sonra vergiləri yığmağı öhdəsinə götürürdü.

Digər əsas müqatiələr aşağıdakılardır:

Gömrük, un qapanı və heyvan yemi anbarı müqatiəsi iltizam üsulu ilə ildə 1.200.000 ağça, yəni 10.000 quruş ödəyib.

Gəncə şəhəri və nahiyələrin mirabiyyə müqatiəsi suvarma işlərini həyata keçirib və illə 330.000 ağça, yəni 2750 quruş ödəyib.

Gəncə şəhəri və nahiyələrin boyaqxanalarının müqatiəsi ildə 132.000 ağça, yəni 1100 quruş ödəyib.

Gəncə şəhəri və nahiyələrin sabunxanalarının müqatiəsi ildə 36.000 ağça, yəni 300 quruş ödəyib.

Balıq ovu və ət vergisi müqatiəsi ildə 30.000 ağça, yəni 250 quruş ödəyib.

“Naxçıvan sancağının müfəssəl dəftəri"ndə göstərilir ki, bu sancaqda 9788 vergi ödəyən xəzinəyə hər il 2.629.059 ağça vergi verib. O dövrdə qəbul edilmiş qaydaya görə, yaşı 20-dən yuxarı olan bütün kişilərin adı dəftərə yazılıb. Vergi verənlərin subay ("mücərrəd") və ya evli “bennak") olduqları da göstərilir. Qocalar, xəstələr, şikəstlər, seyidlər və rahiblər vergidən azad olunurdular.

Naxçıvan sancağında pambıq, buğda, arpa, darı, noxud, çəltik, paxla, mərcimək və sair bitkilər yetişdirilib, məhsulun onda birindən ibarət vergi (üşr) ödənilib. Xəzinəyə hər il indi istifadə etdiyimiz çəki vahidləri ilə 64.200 kq buğda, 57.425 kq arpa, 6 tondan bir qədər artıq pambıq təhvil verilib.

Müfəssəl dəftərdə müəyyən malların qiymətləri də göstərilib və bu qiymətlər dövriyyədə olan pulun alıcılıq qabiliyyətini müəyyənləşdirməyə imkan verir. Məsələn, o dövrdə 1 paraya 2,5 kq buğda, yaxud 5 kq arpa, yaxud 4 kq noxud, yaxud 0,5 kq pambıq almaq olurdu.

Mənbə: Akif Musayev, Aslan Qəhrəmanov, “Vergi mədəniyyəti” kitabı