Qaxda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sənaye sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarına dair görüş keçirilib.
Agentlikdən verilən məlumata görə, tədbirdə İqtisadiyyat Nazirliyinin regional bölməsinin, KOBİA-nın, Sahibkarlığın İnkişafı Fondunun, Qax Rayon İcra Hakimiyyətinin və bankların nümayəndələri, 40-a yaxın sahibkar iştirak edib.
Tədbirdə dövlətin güzəştli kreditləri və onun yönəldildiyi prioritet istiqamətlər, eləcə də KOBİA-nın biznes planın hazırlanması və güzəştli kreditlər barədə sahibkarların məlumatlandırılması işinə dəstəyi barədə məlumat verilib, sənaye sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanları müzakirə edilib. Görüş çərçivəsində sahibkarları maraqlandıran suallar cavablandırılıb, təklifləri dinlənilib.
Şəmkir rayonunda isə KOBİA-nın iştirakı, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə bitki mühafizə vasitələrindən və aqrokimyəvi maddələrdən düzgün istifadə qaydaları ilə bağlı maarifləndirici görüş keçirilib. Tədbirdə bitkiçilik məhsullarının istehsalı ilə məşğul olan sahibkarlar və aqronomlar iştirak ediblər. İştirakçılara kimyəvi mübarizə zamanı təhlükəsizlik qaydalarına əməl olunması, yüksək toksiki-ekoloji təhlükəli preparatlardan istifadə qaydaları, istifadə müddəti bitmiş, istifadəyə yararsız bitki mühafizə vasitələri və gübrələrə dair tələblər və onların məhvedilməsi qaydaları, eləcə də ilkin istehsal sahələrində “Bitki sağlamlığının izlənilməsi” və “Bitki mühafizə vasitələrinin, pestisidlərin və gübrələrin anbar sahəsinə mədaxil və məxaricinin uçotu”nun aparılması qaydaları izah edilib. Həmçinin tədbir çərçivəsində sahibkarların sualları cavablandırılıb, pestisidlərin tətbiqi zamanı ətraf mühitin çirklənməsinin və zəhərlənmə hallarının qarşısının alınması üçün zəruri məlumatlar çatdırılıb.