- İlkin müəllim, sığorta şirkətlərinin zərərliliyinin azalması tendensiyasını necə dəyərləndirmək olar?
- Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, yığımların artmasına daha çox həyat sığortası yığımları təsir edib. Hər bir halda sığorta yığımlarının dinamikası onu göstərir ki, bu sektor inkişaf mərhələsindədir. Əlbəttə, bu, yaxşı göstəricidir və böyük ehtimalla gələcəkdə bu tendensiya davam edəcək. Lakin belə hallarda sığorta ödənişləri ilə bağlı məsələlər mütləq nəzərə alınmalıdır. Çünki burada sığorta ödənişlərinin daha zəif olması vətəndaşların müəyyən müddətdən sonra sığortalanmaya marağını azalda bilər. Bu səbəbdən, sığorta üzrə maarifləndirmə tədbirlərinin genişləndirilməsi böyük önəm kəsb edir. Bu sırada ən yaxşı reklam isə sığorta ödənişlərinin vaxtlı-vaxtında və gecikdirilmədən verilməsidir.
Sığorta şirkətlərinin zərərliliyinin azalmasını isə birmənalı müsbət qiymətləndirmək çətindir. Bu məsələdə bəzi dəqiqləşdirmələr aparmaqla müəyyən zamana ehtiyac var. İlin sonunda bunlarla bağlı daha dəqiq statistikanı gözləməliyik.
Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, yığımların
artmasına daha çox həyat sığortası yığımları təsir edib
- Bəs sığorta şirkətlərinin zərərliliyinin azalmasına səbəb nədir?
- Ümumiyyətlə, zərərliliyin azalmasını sığorta şirkətlərinin sığorta hadisəsi barədə araşdırmalara daha çox diqqət ayırması ilə izah etmək olar. Yəni sığorta şirkətləri hadisə ilə bağlı araşdırmaları dərinləşdirməklə daha çox sənəd tələb edirlər. Araşdırmanın uzanması isə ödənişlərin ləngiməsinə və nəticə etibarilə vətəndaşların narazılığna gətirib çıxarır. Sığorta şirkətləri üçün isə bu, vəsaitlərin daha diqqətli xərclənməsi ilə nəticələnir.
- Artıq bir ilə yaxındır ki, avtonəqliyyat vasitələrinin icbari sığortasında yeni qaydalar tətbiq olunur. Zərərliliyin azalmasında bu amilin də rolu ola bilərmi?
- Bildiyiniz kimi, yeni qaydalara görə, avtonəqliyyat vasitələrinin sığorta olunması şərtləri dəyişdirilib, məbləğlər 10-15% arasında artıb. Digər tərəfdən, sığorta şirkətlərinin zərərvuran və yaxud zərərçəkənin öz sığorta şirkətinə gedib sığorta ödənişini alması qaydası bazarda müsbət tendensiyalara təsirsiz ötüşməyib. Görünən odur ki, vətəndaş məmnunluğu məsələsi sığorta şirkətləri tərəfindən daha yaxşı mənimsənilib ki, bu da öz növbəsində, yığımların artmasına səbəb olub. Ümumiyyətlə, avtonəqliyyat vasitələrinin icbari sığortası, eləcə də həyat sığortası ilə bağlı yeniliklər, bonus-malus sisteminin tam gücü ilə fəaliyyət göstərməsi nəticəsində son dövrlərdə sığorta yığımlarında müsbət dinamikanın olduğu müşahidə edilir.
Ödənişlərlə bağlı qaydalar üzərində əlavə iş aparılmalıdır.
Vətəndaşlarımız daha rahat şəkildə sığorta ödənişlərini ala bilməlidirlər
- Sizcə, sığorta şirkətlərinin məsuliyyətinin artırılması üçün daha hansı tədbirlərə ehtiyac var?
- Fikrimcə, sığorta ödənişləri ilə bağlı yanaşmaların daha da təkmilləşdirilməsinə ehtiyac var. Ödənişlərlə bağlı qaydalar üzərində əlavə iş aparılmalıdır. Vətəndaşlarımız daha rahat şəkildə sığorta ödənişlərini ala bilməlidirlər. Digər tərəfdən, sığorta ödənişlərinin məbləğlərinə də yenidən baxmağa ehtiyac duyulur. Heç kimə sirr deyil ki, hazırda həm avtonəqliyyatların ehtiyat hissələrinin bahalaşması, tibbi xidmətlərin, dərman preparatlarının, tikinti materiallarının qiymətinin artması, eləcə də əmlak bazarında bahalaşma müşahidə olunur. Bütün bunların fonunda sığorta ödənişlərinin də artması proqnozlaşdırılır.
Fərqanə ALLAHVERDİQIZI