AYİB Azərbaycanda iqtisadi artım proqnozlaşdırır

2023.09.27 12:05 (UTC+04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2024-cü ildə Azərbaycanda iqtisadi artımın sürətlənəcəyini proqnozlaşdırır.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı xəbər verir ki, bu barədə bankın “Regional Economic Prospects” (Regional İqtisadi Perspektivlər) adlı sentyabr hesabatında bildirilir.

Qeyd olunur ki, 2023-cü ilin yanvar-iyul ayları arasında iki uğurlu ildən sonra Azərbaycanda ÜDM-in artımı səngiyib. Bununla belə, neftin qiyməti və Azərbaycan qazına artan tələbat fonunda ixrac və büdcə gəlirləri yüksək olaraq qalıb.

2023-cü ilin ortalarında iqtisadiyyata maliyyə stimulu vermək üçün hökumət dövlət sektoru üzrə investisiyalarını və əmək haqqını artırmaq üçün büdcəyə dəyişikliklər edib.

Beləliklə, bu il ÜDM artımı 1,5 faiz, gələn il isə 2,5 faiz səviyyəsində proqnozlaşdırılır.

Bankın analitikləri Mərkəzi Asiya, Qafqaz və Türkiyə iqtisadiyyatlarının 2023-cü ildə yüksək artım templərini qoruyacağını və bununla inkişaf etməkdə olan Avropada ölkələrinin zəif göstəriciləri kompensasiya edəcəyini proqnozlaşdırırlar.