Bakıda II “Türk Dövlətləri Aqrobiznes Forumu” keçirilib. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, tədbir Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Nazirlərinin 2-ci Toplantısı çərçivəsində təşkil olunub. Forumda təşkilata üzv dövlətlərin və müşahidəçi ölkələrin hökumət üzvləri, dövlət qurumlarının və aqrar sahə üzrə ixtisaslaşmış şirkətlərinin nümayəndələri iştirak ediblər.
İclası giriş sözü ilə açan kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanda aqrar sahədə aparılan islahatlar və gələcək hədəflər barədə tədbir iştirakçılarına məlumat verib. Nazir qeyd edib ki, aqrar sahədə məhsuldarlığın daha da artırılması, iqlimə uyğun, yaşıl və rəqəmsal kənd təsərrüfatının yaradılması, həmçinin ixrac məhsullarının və coğrafiyasının şaxələndirilməsi aqrar sahənin dayanıqlı inkişafı üçün əsas prinsiplərindəndir.
Türk dövlətlərinin dünya miqyasında böyük iqtisadi gücə malik olduğunu deyən nazir Məcnun Məmmədov kənd təsərrüfatının bu iqtisadi gücün əsas mənbələrindən biri olduğunu vurğulayıb: “Sahib olduğumuz təbii ehtiyatlar, biomüxtəliflik, coğrafi yerləşmə və iqlim bizim aqrar potensialımızı daha da gücləndirir. Bu gün türk dünyası iş adamlarının və rəsmilərinin bir araya gəldiyi Türk Dövlətləri Aqro Biznes Forumu ölkələrimiz arasında aqrar ticarət əlaqələrinin daha da güclənməsinə hədəflənib. Bizim siz iş adamlarından gözləntimiz bu prinsiplər əsasında əməkdaşlıq quraraq türk birliyinin iqtisadi gücünü daha da artırmaq və ərzaq təhlükəsizliyinə töhfə verməyinizdir”.
Nazir TDT ölkələrinin iş adamlarını Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında investisiya imkanları ilə tanış olmağa və burada ən yaxşı təcrübələr və texnologiyaları tətbiq etməyə çağırıb. O, həmçinin iş adamlarını xüsusi investisiya güzəştləri təklif edən yeni yaradılmış Ələt İqtisadi Zonasında beynəlxalq ixrac standartlarına cavab verən və müasir texnologiyalarla təchiz olunan TDT-nin brendinə çevriləcək birgə müəssisələrin yaratmaq imkanlarını da nəzərdən keçirməyə dəvət edib.
Tədbirdə çıxış edən TDT Baş katibi Kubanıçbek Ömüralıyev təşkilata üzv ölkələrin kənd təsərrüfatı sahəsində mövcud vəziyyət və aqrar potensial barədə məlumat verib. Baş katib qeyd edib ki, üzv ölkələrin nəqliyyat infrastrukturu və aqrar potensialından səmərəli istifadə iqtisadi inkişaf və ərzaq təhlükəsizliyinə mühüm töhfə verəcək.
Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı TDT-ni üzv ölkələr arasında kənd təsərrüfatı, qida, infrastruktur, nəqliyyat sahələrində əməkdaşlığı genişləndirən mühüm bir platforma adlandırıb. Türkiyəli nazir müasir çağırışlar fonunda mövcud çətinliklərin həlli üçün yol xəritələrinin hazırlanması və əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu, TDT üzvləri arasında olan strateji tərəfdaşlığın önəmli investisiyalara çevriləcəyinə inandığını bəyan edib.
Özbəkistan kənd təsərrüfatı naziri Əziz Voitov vurğulayıb ki, üzv ölkələrin elmi-texnoloji, iqtisadi potensialı dayanıq inkişafa və ixrac coğrafiyasını genişləndirməklə qlobal bazarlara çatdırılmasına imkan verir.
Tədbirdə çıxış edən Qırğızıstanın kənd təsərrüfatı nazirinin birinci müavini Murat Ramatov, Qazaxıstanın kənd təsərrüfatı nazirinin müavini Abilxayir Tamabek, Şimali Kipr Türk Respublikasının kənd təsərrüfatı və təbii sərvətlər naziri Hüseyn Çavuş, Azərbaycan Nazirlər Kabinetinin Aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bu tədbirin üzv dövlətlər arasında aqrar sahədə əməkdaşlığın yeni istiqamətlərinin formalaşmasına, yeni investisiya imkanlarının təşviqinə və iş adamları arasında əlaqələrin güclənməsinə xidmət edəcəyini vurğulayıblar.
Daha sonra II Türk Dövlətləri Aqrobiznes Forumu çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin aqrar sahə üzrə ixtisaslaşmış şirkətlərinin nümayəndələri arasında ikitrəfli görüşlər keçirilib.
Qeyd edək ki, Azərbaycan tərəfinin təşəbbüsü ilə yaradılan və digər dost və qardaş üzv-dövlətlər tərəfindən dəstəklənən Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Nazirlərinin ilk toplantısı Özbəkistanda keçirilib.