İğdır-Naxçıvan qaz kəməri istər Naxçıvanın enerji təminatı, istərsə də bölgənin enerji təhlükəsizliyi nöqteyi-nəzərindən çox mühüm və vaxtında atılmış addımdır. Bu, həm bölgənin, həm də iqtisadiyyatımızın dayanıqlılığına öz töhfəsini verə bilər.
Bu sözləri “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına iqtisadçı ekspert Emin Qəribli deyib.
Onun sözlərinə görə, Naxçıvan enerjini müəyyən müqavilələr əsasında İrandan alır. Yeni layihə isə bu asılılığı azaldacaq: “İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın enerji təhlükəsizliyinin təminatı üçün çox mühümdür. Hökumət qabaqlayıcı tədbirlər görməklə bizi gözləyə biləcək problemlərdən sığortalamış olur. Onu da qeyd etmək lazımdır ki, bu layihə həm də bütün türk dünyası ilə münasibətlərimizin inkişafına və iqtisadi inteqrasiyaya töhfə verəcək”.
Ekspertin fikrincə, bu gün Naxçıvanin əhəmiyyəti daha da artır və gündəmdə Zəngəzur dəhlizinin olduğunu nəzərə alaraq, gələcəkdə bu bölgəyə investisiyaların artacağını əminliklə demək olar: “İnvestisiyalar artdıqda turizm, sənaye və digər sahələr inkişaf edəcək, əhalinin sosial vəziyyəti daha da yaxşılaşacaq. Bu dəhlizin keçə biləcəyi ərazilərdə artıq bu gün torpaq sahələrinin qiyməti artmağa başlayıb”.
Hüseyn VƏLİYEV