Sahibkarlığın İnkişafı Fondunun (SİF) sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahələrində fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlərin verilməsinin stimullaşdırılması məqsədilə müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında yenidən keçirdiyi "Sənayenin inkişafına dəstək" adlı müsabiqə davam edir.
Fonddan verilən məlumata görə, müsabiqədə yalnız SİF-lə əməkdaşlıq edən və 2023-cü il üzrə limiti olan müvəkkil kredit təşkilatlarının (banklar, bank olmayan kredit təşkilatları, kredit ittifaqlarının) kredit mütəxəssisləri iştirak edə bilər.
Qaliblər müvafiq sahələr üzrə fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlara verilmiş kreditlərin sayı əsas götürülməklə, o cümlədən müsabiqə üzrə bildirilmiş əlavə meyarlar üzrə hesablanmış ümumi əmsallar nəzərə alınmaqla müəyyənləşdiriləcək.
Müsabiqəyə müraciətlərin qəbulu 20 dekabr 2023-cü il tarixinədək davam edəcək.