Avqustda nağdsız ödənişlərin təxminən 80 faizi elektron ticarətin payına düşüb

2023.09.26 10:47 (UTC+04:00)

Bu ilin avqust ayının sonunda ölkədə dövriyyədə olan ödəniş kartlarının sayı iyul ayına nəzərən 323 min ədəd artaraq 15 milyon 669 min ədəd təşkil edib.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20,2 faiz artıb.

Ödəniş kartlarında artım debet kartları üzrə 20 faiz, kredit kartları üzrə 21,4 faiz təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əməkhaqqı kartlarının sayı 65 min, kredit kartları 362 min, digər kartlar isə 2,1 milyon ədəd artıb.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artıb.

2023-ci ilin avqust ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 4 509 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 79,7 faizi və ya 3 596 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 20,1 faizi və ya 905 milyon manatı POS-terminallar, 0,1 faizi və ya 7 milyon manatı isə özünəxidmət terminalları vasitəsilə gerçəkləşdirilib.

İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 54 faizini təşkil edib.