Yunanıstanla ticarət dövriyyəsi 31 faizdən çox artıb

2023.09.25 14:07 (UTC+04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın Yunanıstanla ticarət dövriyyəsinin ümumi həcmi 273,2 milyon ABŞ dolları və ya 31,2 faiz artaraq 1,14 milyard dolları üstələyib.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk 8 ayında Azərbaycandan Yunanıstana 1,13 milyard dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisindən 270,7 milyon dollar və ya 31,4 faiz çoxdur.

Yunanıstandan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 19,8 faiz və ya 2,48 milyon dollar artaraq 15 milyon dollar təşkil edib.

Cari ilin yanvar-avqust aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Yunanıstanla ticarətin payı 3,23 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 0,74 faiz bəndi çoxdur.