Bu ilin ilk yarısında Azərbaycana məxsus avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının sayı 122 min 49 olub.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 67 faiz çoxdur.
Azərbaycana məxsus avtomobil nəqliyyatı ilə 3-cü ölkə daşımaları üzrə göstəricilərdə də artım dinamikası müşahidə edilir. Ölkə daşıyıcıları 2022-ci ilin yanvar-iyun aylarında 14 151 ədəd 3-cü ölkə daşımaları (xarici ölkədən digər xarici ölkəyə) həyata keçirib. 2023-cü ilin müvafiq dövründə bu göstərici 27 743 olub.
2022-ci ildə 3-cü ölkə daşımaları üzrə Azərbaycan daşıyıcılarının həyata keçirdiyi daşımaların qeyri-neft ixracına nisbəti 6 faiz olub. 2023-cü ilin 6 ayında bu göstərici 9,4 faizə çatıb. Cari ilin ilk yarısında 3-cü ölkə beynəlxalq yük daşımaları üzrə xidmətlərin ixracı 166,5 milyon dollar olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
2022-ci ildə Azərbaycan daşıyıcılarının ikitərəfli daşımalar üzrə həyata keçirdiyi daşımaların qeyri-neft ixracına nisbəti 15,5 faiz ilə yekunlaşıb. Bu ilin təkcə 6 ayında analoji göstərici 21,5 faiz təşkil edib. 2023-cü ilin ilk yarısında ikitərəfli beynəlxalq yük daşımaları üzrə xidmətlərin ixracı 377,2 milyon dollar səviyyəsində qiymətləndirilir. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 60 faiz çoxdur.
Ümumilikdə qeyri-neft ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan Azərbaycana məxsus avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaların yaratdığı gəlir 2023-cü ilin 6 ayında 543,7 milyon dollar səviyyəsində qiymətləndirilir. Bunun da qeyri-neft ixracına nisbəti 30,7 faiz edir.