“AzerGold” qiymətli metalların satışından 1,49 milyard manat gəlir əldə edib

2023.09.22 17:33 (UTC+04:00)

Bu ilin yanvar-avqust aylarında “AzerGold” QSC tərəfindən 28,1 min unsiya qızılın hasilatı, 23,1 min unsiya qızılın ixracı həyata keçirilib.

QSC-dən verilən məlumata görə, bununla cari ilin ilk 8 ayı üçün müəyyənləşdirilmiş qızıl hasilatı planı 0,5 faiz, qızıl ixracı planı isə 3 faiz artıq icra edilib. Ümumilikdə, cari il üzrə 62,5 min unsiya qızıl hasilatı və ixracı planlaşdırılıb ki, bu da ötən ilin göstəriciləri ilə müqayisədə hasilatda 1 faiz, ixracda isə 4,4 faiz daha artıq hədəfdir.

1 sentyabr 2023-cü il tarixinə QSC-nin qiymətli metalların yerli və xarici bazarlarda satışı nəticəsində əldə etdiyi ümumi gəlir 1 milyard 49 milyon 202 min manata çatıb. Əldə edilən vəsaitin 1 milyard 6 milyon 40 min manatını ixrac gəlirləri, 43 milyon 162 min manatını isə daxili bazar satışlarından əldə edilən gəlirlər formalaşdırır.