Ödənişin nağd qəbuluna görə maliyyə sanksiyası hansı məbləğə tətbiq olunur?

2023.09.28 09:45 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən bildirilib ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.4.11-ci maddəsinə əsasən, pərakəndə satış qaydasında təqdim edilən malların (avtomobillər istisna olmaqla) satışı üzrə bir əməliyyat çərçivəsində dörd min manatdan artıq olan ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Sorğuda qeyd olunan malın dəyəri dörd min manatdan artıq olduğu üçün həmin malın satışı üzrə ödənişlər yalnız nağdsız qaydada aparılmalıdır.

Həmçinin, Vergi Məcəlləsinin 58.7-1.9-cu maddəsinə əsasən, həmin Qanunun 3.4.11-ci maddəsinin tələblərini pozmaqla ödənişi nağd qaydada qəbul edən şəxsə aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 58.7-1-ci maddəsi və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu