AZPROMO "Business Meeting 2023" tədbirində təmsil olunub

2023.09.21 16:08 (UTC+04:00)

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO 38-ci İndoneziya Ticarət Sərgisinin (TEI) təbliğatı məqsədi ilə İndoneziyanın Azərbaycandakı Səfirliyi tərəfindən Bakıda təşkil olunan “Business Meeting 2023” tədbirində təmsil olunub.

AZPROMO-dan verilən məlumata görə, tədbirdə çıxış edən İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hildi Hamidi ölkəsinin Azərbaycan ilə iqtisadi-ticarət münasibətlərinin genişləndirilməsində maraqlı olduğunu bildirib. Səfir oktyabr ayında Cakarta şəhərində keçiriləcək 38-ci beynəlxalq TEI sərgisinin ölkələr arasında ticarət tərəfdaşlığının inkişafı üçün yaratdığı imkanlar haqqında danışıb.

AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov Agentliyin fəaliyyət istiqamətləri, o cümlədən xaricdə, xüsusilə Asiyada təşkil olunan sərgilərdə AZPROMO tərəfindən sahibkarlara göstərilən dəstək tədbirləri haqqında məlumat verib. Qeyd edilib ki, ölkəmizin qeyri-neft ixracının şaxələndirilməsində İndoneziya bazarı mühüm perspektivlərə malikdir.

Qeyd edək ki, 18-22 oktyabr tarixində keçiriləcək 38-ci beynəlxalq İndoneziya Ticarət Sərgisi (TEI) seminar, B2B görüşlər və digər biznes platformaları özündə birləşdirən hibrid tədbirdir. Sərgidə enerji, kimya, qida, səhiyyə və tekstil sahələrini təmsil edən 1200-dən çox şirkətin iştirak edəcəyi gözlənilir.